...

Nazir müavini: Bəzi işəgötürənlər işçilərə minimum aylıq əməkhaqqından da az ödəyir (FOTO)

Cəmiyyət Materials 6 Dekabr 2017 17:25 (UTC +04:00)
Sosial tərəfdaşlar və beynəlxalq ekspertlərlə birgə dayanıqlı əmək haqqı siyasətinin formalaşdırılması məsələlərinə dair seminar keçirilir
Nazir müavini: Bəzi işəgötürənlər işçilərə minimum aylıq əməkhaqqından da az ödəyir (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN), Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Beynəlxalq Əmək Təşkilatının (BƏT) nümayəndələrinin iştirakı ilə “Dayanıqlı əmək haqqı siyasətinin formalaşdırılması” mövzusunda seminar öz işinə başlayıb.

ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Azərbaycanla BƏT arasında çoxşaxəli fəaliyyət istiqamətlərini əhatə edən əməkdaşlıq gündəliyinin mövcud olduğunu, ölkəmiz BƏT-ə üzv olduğu 25 illik dövrdə ilk dəfə olaraq bu Təşkilatın Rəhbər Orqanında təmsil olunmaq hüququ qazandığını bildirib. O, hazırkı seminarın təşkilatçısının da BƏT olduğunu qeyd edib. Nazir müavini bildirib ki, BMT-nin yeni Dayanıqlı İnkişaf Məqsədlərindən 8-ci hədəf “Davamlı, inklüziv və dayanıqlı iqtisadi inkişafı, tam və səmərəli məşğulluğu və hamı üçün layiqli iş imkanlarını təşviq etmək” və 10-cu hədəf “Ölkələrin daxilində və ölkələr arasında bərabərsizlikləri azaltmaq”dır. Bu hədəflərə çatmaq üçün əmək haqqının artırılması və əmək ödənişində qeyri-bərabərliyin aradan qaldırılması mühüm məsələlərdəndir: “2005-2016-cı illər ərzində ölkəmizdə minimum əməkhaqqının səviyyəsi 3,9 dəfə, ölkə üzrə orta aylıq əməkhaqqı 4 dəfə artıb, ölkədə yoxsulluğun və işsizliyin səviyyəsi 5 faizə enib. 2017-ci ilin yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz artaraq 525,6 manat təşkil edib”.

Nazir müavini bildirib ki, uğurlu təcrübə kimi beynəlxalq səviyyədə də yüksək qiymətləndirilən və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda qurulmuş Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi muzdla işləyən işçilərin əmək və sosial müdafiə hüquqlarının reallaşdırılması ilə yanaşı, qeyri-leqal əmək münasibətlərinin qarşısının alınmasında, dövlət büdcəsinin gəlirlərinin və sosial sığorta haqlarının artmasında, həmçinin əmək bazarının təhlili üçün informasiya bazasının formalaşdırılmasında mühüm rol oynamaqdadır: “Məcmu istehlak və yığım göstəricilərinin təhlili muzdla işləyənlərin sayının və əhalinin əmək haqqı formasında gəlirlərinin real olaraq rəsmi statistik göstəricilərdən daha yüksək olduğunu göstərir. Çox təəssüflər olsun ki, bəzi işəgötürənlər vergi və sığorta ayırmalarından yayınmaq məqsədilə qeyri-rəsmi olaraq şəxsləri işə cəlb edirlər, onlara qeyri-rəsmi qaydada, bəzi hallarda isə minimum aylıq əmək haqqı məbləğindən də az əmək haqqı ödəyərək onların əmək və sosial hüquqlarını pozurlar. Bəzi işəgötürənlər isə məcburi dövlət ödəmələrindən yayınmaq məqsədi ilə faktiki olaraq işçilərlə əmək münasibətlərində olmalarına baxmayaraq, onlarla mülkü hüquqi xarakterli müqavilələr bağlamaqda davam edirlər”. İ.İsayev onu da qeyd edib ki, işəgötürənlərin bu şərtləri ilə razılaşan şəxslər bununla cari və gələcək dövr üçün dövlət tərəfindən, eləcə də işəgötürən tərəfindən əhatə olunmalı olduqları sosial təminatın bütün formalarından kənarda qaldıqlarının fərqinə varmırlar.

Nazir müavini Azərbaycan Prezidenti İlham Əliyevin 17 mart 2017-ci il tarixli Sərəncamı ilə ölkədə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının yaradıldığını vurğulayıb: “Həmin Sərəncamla Komissiyaya ölkədə əmək bazarının mövcud vəziyyətini, o cümlədən qanunvericiliyi təhlil edərək, əmək münasibətlərinin tənzimlənməsi sahəsində qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla inzibatçılığın, habelə bu sahənin təkmilləşdirilməsinə dair təkliflərin Azərbaycan Prezidentinə təqdim edilməsi, əmək münasibətlərinin rəsmiləşdirilməsi və işçilərin sosial müdafiəsinin gücləndirilməsi, qeyri-rəsmi əmək münasibətlərinin aşkar edilməsi, rəsmiləşdirilməsi və bu sahədə qanun pozuntularına yol vermiş şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi də daxil olmaqla, tədbirlər planının hazırlanması və təsdiq edilməsi barədə müvafiq tapşırıqlar verilib. Bütün bunlar qeyd edilən məqsədlərə Azərbaycan Prezidentinin nə qədər böyük önəm verdiyinin əyani sübutudur”.

İ.İsayev bildirib ki, ölkəmizdə minimum əmək haqqı məbləğinə dövlət tərəfindən vaxtaşırı baxılır və sonuncu dəfə 2017-ci ilin yanvar ayından onun məbləği 10,5 faiz artırılaraq 116 manat məbləğində müəyyən edilib. Növbəti ildən isə minimum əmək haqqı məbləğinin 12,1 faiz artıralaraq 130 manat olması nəzərdə tutulur ki, bu da ölkədə sosialyönümlü siyasətin uğurla davam etdirildiyini göstərir.

Nazir müavini 2016-cı ilin sentyabr ayında Nazirlər Kabineti, AHİK və ASK arasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın təsis edilməsi ilə ölkəmizdə milli üçtərəfli sosial dialoq üzrə institusional strukturun inkişafında keyfiyyətcə yeni mərhələyə start verildiyini vurğulayıb.

AHİK sədrinin müavini Cavanşir Alxasov hər bir işçinin yerinə yetirdiyi əmək funksiyasına, gördüyü işə görə dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı miqdarından az olmayan əmək haqqı almaq hüququ olduğunu, əmək haqqının işçinin maddi təminatına imkan verə bilən səviyyədə olmasının layiqli əməyin təminatında mühüm yer tutduğunu bildirib. ASK-nın Baş katibinin müavini Fuad Hümbətov hər hansı müəssisədə işçilərə ödənilən əmək haqqı məbləğlərinin həmin müəssisədə məhsuldar əməyin təmin olunmasında mühüm rolunu, özəl sektorda bu məsələnin daim diqqətdə saxlandığını diqqətə çatdırıb.

BƏT-in Layiqli Əmək üzrə Texniki Dəstək Qrupunun, Şərqi Avropa və Mərkəzi Asiya üzrə ofisinin əmək haqqı üzrə mütəxəssisi Nikolas Ştuder və BƏT-in İnkluziv əmək bazarları, əmək münasibətləri və iş şərtləri bölməsinin əmək haqqı üzrə mütəxəssisi, baş iqtisadçı Patrik Belser ölkəmizdə əmək hüquqları sisteminin, eyni zamanda əmək haqqı siyasətinin mütərəqqi beynəlxalq prinsiplər əsasında təkmilləşdirilməsi işlərinin BƏT tərəfindən daim dəstəkləndiyini vurğulayıblar.

Seminarda ƏƏSMN-nin əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov “Azərbaycanda əmək haqqı siyasəti ilə bağlı perspektivlər və məlumat mübadiləsi” mövzusunda təqdimatla çıxış edib, AHİK və ASK-nın nümayəndələrinin də müvafiq mövzularda təqdimatları olub.

Üç gün davam edəcək seminarın gündəliyinə “Əmək haqqı ilə bağlı son tendensiyalar və əmək haqqı siyasətlərinin rolu. Dünyada və regionda mövcud tendensiyalar”, “Minimum əmək haqqı nə üçündür?”, “Minimum əmək haqqının müəyyənləşdirilməsinin prinsipləri. BƏT-in 131 nömrəli Konvensiyası və müvafiq sahədə beynəlxalq təcrübə”, “Minimum əmək haqqını müəyyənləşdirmək üçün meyarlar və məlumatların istifadə edilməsi. Bu sahədə faktiki məlumatlara əsaslanan yanaşmalar”, “Minimum əməkhaqqı və kollektiv məsləhətləşmələr”, “Bərabər ödəniş prinsipləri (BƏT-in 100 nömrəli Konvensiyası)” və digər mövzularda təqdimatların edilməsi, aidiyyəti mövzularda məşğələlərin keçirilməsi və müzakirələrin aparılması daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti