...

Media nümayəndələri Bakı Regional Peşə Tədris Mərkəzinin fəaliyyəti ilə tanış olublar (FOTO)

Cəmiyyət Materials 5 Noyabr 2018 15:32 (UTC +04:00)
Jurnalistlərə hazırda 330 nəfərin peşə kursunda olduğu mərkəzdə tədris prosesi barədə ətraflı məlumatlar verilib
Media nümayəndələri Bakı Regional Peşə Tədris Mərkəzinin fəaliyyəti ilə tanış olublar (FOTO)

Bakı. Trend:

Kütləvi informasiya vasitələrinin nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhərindəki Regional Peşə Tədris Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirin məqsədi işsiz və işaxtaran vətəndaşların əmək bazarına çıxış imkanlarına malik olmaları üçün onların yeni peşələrə yiyələnməsinə şərait yaradılması istiqamətində aparılan işlər barədə ictimaiyyət arasında dolğun təsəvvürlərin formalaşdırılması olub.

Rayon (şəhər) Məşğulluq mərkəzlərində işsiz və işaxtaran kimi qeydiyyata alınmış vətəndaşlar peşə və ya ixtisaslara malik olmadıqda, yaxud peşə vərdişlərinə uyğun gələn iş tapılmadığı halda onlar üçün əmək bazarına çıxış imkanına yiyələnmələri məqsədilə işəgötürənlərin mövcud tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilir. Cari ilin 9 ayında da Dövlət Məşğulluq Xidmətinin xətti ilə 1923 nəfər peşə hazırlığına cəlb olunub. Kursları bitirənlərə peşə şəhadətnamələri verilir və yaşadıqları rayon (şəhər) Məşğulluq Mərkəzləri tərəfindən onların yeni qazandıqları peşələr üzrə məşğulluqlarının təmin edilməsi üçün müvafiq işlər aparılır.

Peşə hazırlığı və əlavə təhsil kurslarının təşkilində Xidmətin Regional Peşə Tədris Mərkəzləri önəmli rol oynayırlar. Hazırda Bakı, Naxçıvan və Göyçay şəhərlərində belə mərkəzlər fəaliyyət göstərir. Peşə hazırlığına cəlb olunanların böyük bir hissəsi üçün həmin Mərkəzlərdə peşə təlimi təşkil olunur.

KİV nümayəndələri Bakı Regional Peşə Tədris Mərkəzində peşə hazırlığının təşkili üçün mövcud olan şəraitlə, sinif otaqları və emalatxanalarla, peşə təlimi prosesi, mərkəzdəki yardımçı xidmət otaqları (həkim otağı, akt zalı, kitabxana, bufet və s.) ilə yaxından tanış olub, müəllimlərlə, əksəriyyəti gənclərdən ibarət müdavimlərlə söhbət ediblər.

Cari ilin ötən dövründə Bakı Regional Peşə Tədris Mərkəzində 963 nəfər üçün kompyuter mühasibatlığı, əməliyyatçı mühasib, kompyuter dizayneri, ingilis dili, elektrik, qaynaqçısı, avtomobillərin təmiri üzrə çilingər, mebel quraşdırıcısı, aliminium və plastik qapı pəncərə ustası, vizajist, dərzi, tikişçi, toxucu, xalçaçı, aşbaz, qənnadçı, ekskursiya bələdçisi, bərbər və digər peşələr, ümumilikdə 30-yaxın peşə üzrə hazırlıq kursu təşkil edilib. Hazırda burada 330 şəxs peşə təlimindədir. Mərkəzdə Bakı və Sumqayıt şəhərləri, Abşeron, Şuşa və Zəngilan rayonları üzrə Məşğulluq Mərkəzləri tərəfindən peşə hazırlığına cəlb olunmuş şəxslər üçün kurslar təşkil edilir.

Peşə hazırlığına cəlb olunanlar peşə təlimi müddətində aylıq təqaüd və nəqliyyat xərci ilə də təmin olunurlar.

Jurnalistləri maraqlandıran suallar cavablandırılıb, onlara peşə hazırlığının təşkili məsələləri ilə bağlı ətraflı məlumatlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti