...

Azərbaycanda modul tipli təmizləyici qurğuların vəziyyəti yoxlanılacaq

Cəmiyyət Materials 5 Fevral 2020 09:12 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisindəki modul tipli təmizləyici qurğularla bağlı real vəziyyəti müəyyən etmək üçün artıq monitorinqlərə başlayıb.
Azərbaycanda modul tipli təmizləyici qurğuların vəziyyəti yoxlanılacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisindəki modul tipli təmizləyici qurğularla bağlı real vəziyyəti müəyyən etmək üçün artıq monitorinqlərə başlayıb.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Onun sözlərinə görə, insanların təmiz içməli suya olan tələbatının ödənilməsi məqsədilə 2007-ci ildən başlayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bir çox kəndlərdə modul tipli təmizləyici qurğular quraşdırılıb. Hazırda bu qurğulara “Azərsu” ASC tərəfindən xidmət göstərilir:

“Modul tipli təmizləyici qurğularla bağlı real vəziyyəti müəyyən etmək üçün artıq monitorinqlərə başlanılıb. Qurğuların vəziyyəti ilə bağlı monitorinqlər keçirildikdən sonra nəticələr hökumətə təqdim olunacaq".

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə çaylar boyu yerləşən bir çox kənddə modul tipli təmizləyici qurğuların quraşdırıldığını söyləyib.

Prezident daha sonra bunları bildirib: "Ancaq mənə bəzi yerlərdən gələn məlumata görə, bu qurğuların bir neçəsi sıradan çıxmışdır. Ona görə birinci növbədə bu qurğuların fəaliyyəti ilə bağlı monitorinq keçirilməlidir, geniş təhlil aparılmalıdır, mənə məruzə edilməlidir ki, onların vəziyyəti nə yerdədir. İkincisi, bu qurğuların istismarı ilə bağlı gərək təkliflər verilsin. Əfsuslar olsun ki, bu günə qədər bu qurğular başlı-başına buraxılıb. Yerli icra orqanları, bələdiyyələr, əslində, bu qurğuların istismarı ilə məşğul olmalıdırlar. Bir çox yerlərdə belə deyil. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu qurğuları quraşdırıb və sanki işini yekunlaşdırıb. Ona görə həm monitorinq aparılmalıdır, həm də lazımdırsa, yeni kəndlərdə bu cür qurğular quraşdırılmalıdır və onların istismarı ilə bağlı konkret bir məsul qurum müəyyən edilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti