Bakı. Trend:
ADA Universitetinin İxtisasartırma Proqramı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Təlim Tədris Mərkəzi ilə birgə “Liderlik Bacarıqlarının İnkişafı" proqramına başlayıb.
İqtisadiyyat Nazirliyinin 26 əməkdaşının iştirakı ilə keçirilən proqramın məqsədi onların strateji təfəkkür, qərar qəbul etmə, planlaşdırma, idarəetmə kimi bir sıra liderlik bacarıqlarını gücləndirməkdir.
Oktyabrın 17-si ADA Universitetində proqramın açılış mərasimi baş tutub.
Mərasimdə çıxış edən ADA Universitetinin Akademik işlər üzrə prorektorunun müşaviri Aygün Hacıyeva Universitetin və onun İxtisasartırma Proqramının tarixçəsindən bəhs edib.
İxtisasartırma Proqramının insan potensialının inkişafını, kadrların peşəkar inkişafını dəstəklədiyini vurğulayan Aygün Hacıyeva bildirib ki, bu gün açılışı baş tutan proqramın məqsədi biliyi və bacarığı ilə digərlərinə fayda verəcək, qurumdaxili liderlər yetişdirməkdir.
Təlim Tədris Mərkəzinin İdarə Heyətinin sədri v.i.e. Aidə İbrahimova çıxışında hazırda baş verən iqtisadi, sosial və texnoloji dəyişikliklərdən dolayı idarəetmə sisteminin müasir tələblərə uyğunlaşmasının vacibliyinə toxunub. Əlavə edib ki, sözügedən proqram bu uyğunlaşmanı həyata keçirən əməkdaşların inkişafını sürətləndirəcək.
Qeyd edək ki, 2 ay davam edəcək proqram 7 moduldan
ibarətdir.
Həmin modullar liderlik bacarıqları, etiket və protokol qaydaları,
habelə komandanın uğurlu idarə edilməsi və motivasiya kimi
mövzuları əhatə edəcək. Strategiyanın planlaşdırılması və icrası,
dəyişikliklərin idarə edilməsi, danışıqların aparılması, nitq
bacarıqları və liderlik ünsiyyəti mövzuları da modulların mövzuları
sırasındadır.
İnteraktiv formatda keçiriləcək proqramda iştirakçılar təqdimatlar, “beyin fırtınası”, “keys” çalışmaları, praktiki tapşırıqlar, qrup işləri və simulyasiyalar vasitəsilə öyrəndiklərini tətbiq edəcəklər .
Proqramın mövzuları ADA Universitetinin müəllimləri , eləcə də idarəetmə, liderlik, strategiya və kommunikasiya sahəsində geniş təcrübəyə malik, dövlət və özəl sektordan olan qonaq ekspertlər , habelə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri tərəfindən tədris ediləcək.