Bakı. Trend:
İlk dəfə olaraq, Azadlıq prospektinin iki hissəsində kiçik məsafələrdə də olsa, ümumi nəqliyyat axınının əksinə avtobus zolağı təşkil olunacaq. Bu layihə Bakı üçün bir yenilikdir.
Bunu Trend-ə yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bu gün AYNA-da təqdim edilən yeni layihələrlə bağlı danışarkən deyib.
O bildirib ki, əgər düzgün nəqliyyat axınları kanallaşdırılarsa, hərəkətin təşkilinin texniki vasitələri, işıqfor, nişanlanma xəttləri, o cümlədən, piyada keçidinin siqnallaşdırılması elementləri, bir sözlə hər şey yerində olsa səmərəli işləyə bilər:
"Hər halda bunun səmərəli olacağını gələcək göstərəcək. İndiki hesablamalarda 28 May nəqliyyat mübadilə mərkəzinə daxil olub, ordan çıxıb digər dayanacaqlar istiqamətinə gedən avtobusların hərəkət intervalları yaxşılaşa bilər. Tutaq ki, həmin marşrut üzrə avtobusun bir dövriyyəsi 1 saat yarım idisə, indi bunu 10 dəqiqə qısaltmaq mümkün olacaq. Bu da təbii ki, sərnişin axınlarının, ümumiyyətlə mobilliyin ictimai nəqliyyatla təmin olunması işinin, avtobusların hərəkət şəraitinin yaxşılaşdırılması deməkdir. İctimai nəqliyyatın inkişafına töhfə verə bilər".
Ekspert vurğulayıb ki, Azadlıq prospektinin Füzuli küçəsinə qədər olan hissəsi, 4-cü zolaq deyilən yerdə səliqəli şəkildə avtobusların istifdəsinə verilməsi digər nəqliyyat axınlarına ciddi təsir göstərməyəcək.
"Hər şey təqdimatda deyildiyi kimi olarsa, müsbət nəticələri ola bilər. Söhbət Bakının Dəmiryol Vağzalından gedir. Və həmin ərazidə, şəhərin bu hissəsində əhalinin mobilliyinin təmin olunmasının xüsusi önəmi var. İnsanların tez minməyi, düşməyi çox vacibdir. İctimai nəqliyyatın təşkili çox vacibdir. Oradan ekspress marşrutlar üçün hava limanına getmək üçün də şərait var",- deyə Ə.Hüseynov əlavə edib.