Bakı. Trend:
18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və
Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda şəhid olan Vətən
övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
Dövlət Himni səsləndirilib.
Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan
dövlətinin qurulmasında və inkişafında müstəsna xidmətlərindən,
müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi
istiqamətində apardığı müdrik siyasətdən danışıblar. Ümummilli
Liderin strateji kursunun bu gün onun layiqli davamçısı Azərbaycan
Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi
xüsusi vurğulanıb. Prezident İlham Əliyevin həyata keçirdiyi
uzaqgörən və qətiyyətli siyasəti sayəsində Azərbaycanın hüququn
aliliyi, demokratiya və dünyəvilik prinsipləri üzərində qurulmuş
müstəqil dövlət kimi öz inkişafının ən parlaq dövrünü yaşadığı
diqqətə çatdırılıb.
Keçirilən tədbirlər zamanı vətənpərvərlik mövzusunda sənədli
filmlər və bədii kompozisiyalar təqdim edilib, şəhidlərimizin
məzarları və tarixi muzeylər ziyarət olunub.