Bakı. Trend:
Dekabrın 24-də Tovuz Dövlət Peşə Təhsil Mərkəzində tənəffüs zamanı, təxminən saat 14:00 radələrində bir qrup tələbə yaxınlıqda yerləşən marketdən tort alaraq, öz aralarında bölüb, yeyiblər.
Trend xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin 8 tələbəsinin zəhərlənmə faktı ilə bağlı yaydığı açıqlamada bildirilib.
Qeyd edilib ki, yarım saat sonra bir tələbə qızın halı pisləşib, liseyin işçiləri dərhal TTY çağırıblar:
"Tələbə hospitalizasiya olunduqdan sonra, digər 7 tələbə də
özünü pis hiss edib.
Tələbələr Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər,
lazımi tibbi xidmətlər göstərilib.
Hazırda vəziyyətləri qənaətbəxşdir".
Zəhərlənən tələbələr təhsil mərkəzinin
2 illik Kompüterlərin təmiri və xidməti üzrə texnik ixtisasının və
1 illik Dərzi ixtisasının tələbələridir:
"Zəhərlənən tələbələrdən Hüseynzadə Leyla Tapdıq qızı, Omarova Aysun İlqar qızı, İsmayılova Türkan İsmayıl qızı, Əliyeva Nigar Bəxtiyar qızı, Əliyeva Nurcan Saleh qızı, Seyidova Nərmin Azər qızı və Şükürov Hüseyn Vüqar oğlu Kompüterlərin təmiri və xidməti üzrə texnik ixtisasının, Məmmədova Lamiyə Alı qızı isə Dərzi ixtisasının tələbəsidir", deyə məlumata əlavə edilib.
xxx
17:59
Tovuz Peşə Təhsili Mərkəzində tələbələrin zəhərlənmə şübhəsi ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinə məlumat daxil olub.
Trend-in sorğusuna cavab olaraq Agentlikdən bildirilib ki, hazırda bu barədə araşdırma aparılır.
"Nəticə barədə ictimaiyyətə əlavə məlumat veriləcək",- məlumatda qeyd edilib.
Qeyd edək ki, Tovuz Peşə Təhsili Mərkəzində 8 tələbənin tortdan zəhərləndiyi bildirilir.