Bakı. Trend:
1999-cu ildə əsası qoyulan Dövlət Neft Fondunun (ARDNF) hazırkı aktivləri 60 milyard ABŞ dollarını keçərək, ölkə iqtisadiyyatının təxminən 80 faizinə bərabər olmuşdur.
Trend ARDNF-ə istinadən xəbər verir ki, bunu Fondun İcraçı direktoru İsrafil Məmmədov qurumun 25 illik yubileyinə həsr olunmuş İllik Yığıncaqda bildirib.
O qeyd edib ki, Fondun vəsaitlərinin idarə edilməsindən əldə olunan gəlirlər artıq 15 milyard ABŞ dollarını ötüb: “Bu rəqəmlər Dövlət Neft Fondunun uğurlu fəaliyyət modelinə, strateji yanaşmasına və beynəlxalq standartlara əsaslanan risk idarəetmə mexanizminə söykənən investisiya siyasətinə dəlalət edir. Fond, təkcə maliyyə nəticələrini yaxşılaşdırmaqla kifayətlənmir, eyni zamanda, Azərbaycanın qlobal iqtisadi müstəvidə mövqeyini möhkəmləndirən layihələrə investisiya qoymaqla, davamlı inkişafa və gələcək nəsillərin mənafeyinə xidmət edən əsas maliyyə dayaqlarından biri kimi çıxış edir”.
Tədbirdə Fondun müxtəlif struktur bölmə rəhbərləri də çıxış edərək, ARDNF-nin 25 il ərzində əldə etdiyi nailiyyətlərə nəzər salıblar. Çıxışlarda ölkə iqtisadiyyatına dayanıqlı və uzunmüddətli töhfələr vermək məqsədilə həyata keçirilən layihələr, investisiya strategiyaları və idarəetmə prinsipləri ətraflı müzakirə olunub. Gələcək perspektivlərdən danışan çıxışçılar dayanıqlı inkişaf, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qlobal investisiya platformalarında aktiv iştirak kimi prioritet istiqamətləri xüsusilə önə çəkiblər.
Qeyd edək ki, Dövlət Neft Fondu, yaradıldığı gündən bəri həm möhkəm təməlləri, həm də çevik idarəetmə yanaşması ilə ölkənin iqtisadi dayanıqlılığını təmin etməkdə mühüm rol oynayır. Prezident İlham Əliyevin dəstəyi ilə ARDNF bu gün indiki və gələcək nəsillərin mənafeyinə xidmət edən əsas iqtisadi sütunlardan biri kimi fəaliyyətini uğurla davam etdirir.