Bakı. Trend:
Dekabrın 24-də Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisi açılacaq.
Trend xəbər verir ki, sərgidə ABŞ vətəndaşı Əmir Oskoueinin kolleksiyasından XVII-XVIII əsrlərə aid 14 unikal xalça və bədii tikmə nümayiş olunacaq. Sənət əsərləri sırasında dünyaca məşhur “Əfşan”, “Qoca”, “Xətai” (“Əjdahalı”) kompozisiyalı saray xalıları xüsusi yer alacaq.
Səfəvilər hakimiyyəti zamanı Azərbaycanda orijinal bədii quruluşa malik bu cür nəfis xalıların istehsalı genişlənir, xalçaçılıq sənəti öz çiçəklənmə dövrünü yaşayırdı. Həmin vaxt Şirvan, Qarabağ, Bakı, Quba kimi toxuculuq mərkəzlərində hazırlanan xalçaların ölçüləri böyüyürdü. Xalq sənətkarlarının yaratdığı nümunələrdə Təbriz xalılarını bəzəyən islimi, xətai, bulud, əjdaha, simurq, həyat ağacı kimi təsvir və elementlər qismən dəyişdirilərək əks olunurdu.
XVI əsrdə Səfəvi saray emalatxanalarında xalılarla yanaşı, dövrün dəyərli dekorativ-tətbiqi sənət nümunələrindən hesab edilən bədii tikmələr də hazırlanırdı. XVII-XVIII əsrlərdə Azərbaycanın ayrı-ayrı istehsal məntəqələrində həmin tikmələrdən bəhrələnərək yeniləri yaradılırdı.
Azərbaycanda istehsal edilən unikal xalçalar keyfiyyətinə və bədii xüsusiyyətlərinə görə dünyada daim yüksək dəyərləndirilib. Qərbin yüksək zövqlü əsilzadələri əsrlər boyu bu əsrarəngiz xalçaları toplayır, onlarla sarayları, malikanələri, dini abidələri bəzəyirdilər. Dünyanın bir çox məşhur muzeylərində və şəxsi kolleksiyalarda qorunan Azərbaycan dekorativ-tətbiqi sənət nümunələrinə bu gün də böyük maraq göstərilir. Bunu nəzərə alaraq, təşkil olunan “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisində yer alan nadir eksponatlar barədə sensor ekran vasitəsilə Azərbaycan və ingilis dillərində ətraflı məlumat əldə etmək mümkün olacaq.
Layihə çərçivəsində Təbriz miniatürlərindəki saray xalıları haqqında süni intellekt vasitəsilə hazırlanmış videoçarx da göstəriləcək. Burada XVI-XVII əsrlərə aid Səfəvi dövrü saray xalçalarının yaradılması prosesi müasir texnologiya və tarixi sənətkarlığın vəhdətində təqdim ediləcək.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi, “Amir Textiles and Rugs” (Oskouei MMC) təşkilatçılığı, bp Azərbaycanın baş sponsorluğu, ABŞ-Azərbaycan Ticarət Palatası və “Silk Way West Airlines” şirkətinin dəstəyi ilə baş tutan sərgi 2025-ci il mayın 10-dək davam edəcək.