Bakı. Trend:
Qırğızıstan Prezidenti Sadır Japarov Sərhəd Xidmətinin rəhbəri Ularbek Şarşeyevin vəzifədən azad edilməsi və onun yerinə Batken vilayətindəki keçmiş səlahiyyətli nümayəndə Abdikarim Alimbayevin təyin olunması barədə sərəncam imzalayıb.
Trend xəbər verir ki, bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
"Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov sərəncam imzalayıb. Sərəncama əsasən, Şarşeyev Ularbek Zarlıkoviç Dövlət Milli Təhlükəsizlik Komitəsi (DMTK) sədrinin birinci müavini, DMTK-nın Sərhəd Xidmətinin direktoru vəzifəsindən başqa işə keçməsi ilə əlaqədar azad edilib", - deyə məlumatda bildirilir.
Başqa bir sərəncamla Prezident bu vəzifəyə ölkənin cənubunda yerləşən Batken vilayətindəki səlahiyyətli nümayəndəsi Abdikarim Alimbayevi təyin edib.
Bununla yanaşı, Batken vilayətində Prezidentin yeni səlahiyyətli nümayəndəsi isə DMTK-nın Anti-terror Mərkəzinin sabiq direktoru Aybek Şamenov olub.