Bakı. Trend:
Silk Way Alat Free Economic Zone (SW AFEZCO) şirkəti yeni inkişaf mərhələsinə qədəm qoyaraq FF Construction ilə Ələt Azad İqtisadi Zonasında (AFEZ) yerləşən Silk Way Cargo Village karqo kəndinin genişləndirilməsi layihəsinə dair əlamətdar razılaşma imzalayıb. Razılaşma Silk Way Cargo Village karqo kəndinin əsas tərkib hissəsi olacaq üç obyektin – hava nəqliyyatına nəzarət mərkəzi, biznes aviasiyası terminalı və yanğınsöndürmə stansiyasının layihələndirilməsi, mühəndislik işləri və tikintisini əhatə edir.
Hava nəqliyyatına nəzarət mərkəzi hava hərəkətinin mükəmməl idarə olunmasını və təhlükəsizliyini təmin edəcək, müasir radar və rabitə sistemləri ilə yanaşı, enerjiyə qənaətcil və dayanıqlı infrastrukturla təchiz olunacaq. Biznes aviasiya terminalı xüsusi gömrük zonaları, VIP-zallar və perrona birbaşa çıxış ilə özəl aviasiya üçün mükəmməl xidmətlər təqdim edəcək və regional biznes aviasiyası üçün yeni standartlar müəyyən edəcək. Öz növbəsində, yanğınsöndürmə stansiyası qabaqcıl avadanlıq və nəqliyyat vasitələri ilə fövqəladə hallara sürətli cavab verəcək, suyun emalı və təkrar istifadəsi kimi dayanıqlı həllərə müraciət edərək ətraf mühit məqsədlərinə uyğunlaşacaq.
Bu obyektlər yaşıl və dayanıqlı infrastruktur üzrə beynəlxalq standartlara uyğun şəkildə inşa ediləcək. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) texniki dəstəyi "Yaşıl hava limanı" sertifikatının əldə olunmasına töhfə verəcək, yerli tənzimləyici orqanlarla əməkdaşlıq isə hava limanının gələcək inkişafı üçün maksimum səmərəlilik və çevikliyi təmin edəcək.
“Razılaşma Azərbaycanda dünya səviyyəli logistika mərkəzi qurmaq istiqamətində vacib addımdır”, - deyə SW AFEZCO-nun icraçı direktoru Cavad Dbila qeyd edib: “FF Construction ilə əməkdaşlığımız, aviasiya və logistika sahələrində innovativ, effektiv və dayanıqlı həllər təqdim etmək öhdəliyimizi əks etdirir”.
FF Construction şirkətinin direktoru Ayaz Soltanov isə SW AFEZCO ilə bu transformativ layihə üzrə əməkdaşlıqdan son dərəcə məmnun olduğunu bildirib: “Mürəkkəb infrastruktur layihələrinin həyata keçirilməsində geniş təcrübəmiz onu deməyə əsas verir ki, bu obyektlər keyfiyyət və dayanıqlılıq üzrə yeni meyarlar təyin edəcək və Azərbaycanın logistika ekosistemini gücləndirəcək”.
Layihənin 2026-cı ildə tamamlanması planlaşdırılır ki, bu da regional əlaqələri daha da gücləndirəcək və dayanıqlı iqtisadi inkişafa dəstək verəcək.
Silk Way Alat Free Economic Zone
Silk Way Alat Free Economic Zone şirkəti Silk Way Group-a aid müstəqil bir qurumdur və Ələt Azad İqtisadi Zonasında dayanıqlı aviasiya və logistika infrastrukturunu inkişaf etdirir. Şirkət "yaşıl hava limanı” və karqo kəndi kimi transformativ layihələri idarə etmək üçün təsis edilib. SW AFEZCO qabaqcıl dayanıqlı texnologiyaları və innovativ logistika həllərini inteqrasiya edərək Azərbaycanın aparıcı tranzit mərkəzi statusunu möhkəmləndirir. Şirkətin təşəbbüsləri milli və beynəlxalq standartlara uyğundur, iqtisadi inkişafı və ekoloji məsuliyyəti təşviq edir.
FF Construction
FF Construction şirkəti 2008-ci ildə Bakıda təsis edilib və Azərbaycanın aparıcı tikinti şirkətlərindən biridir. Şirkət fasad inşaatı, MEP mühəndisliyi və interyer dizaynı sahələrində ixtisaslaşıb. Azərbaycan, Türkiyə, Qətər, Ukrayna, Özbəkistan və digər ölkələrdə fəaliyyət göstərən FF Construction, yüksəkkeyfiyyətli fəaliyyəti və beynəlxalq səviyyədə tanınmış layihələri ilə məşhurdur. Peşəkar mühəndislərdən ibarət komandası ilə şirkət dünya üzrə müştərilərinə dəqiq, innovativ və keyfiyyətli həllər təqdim edir.