Bakı. Trend:
Türkiyədə hüquqi qalma statusu olan xaricilərin sayı 4 milyon 164 min 472 nəfərdir. Bunlardan 2 milyon 920 min 119 nəfəri müvəqqəti qoruma altında olan suriyalılardır.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya Anadolu Agentliyinə (AA) müsahibəsində deyib.
“2017-ci ildən etibarən 763 min 443 suriyalı könüllü, təhlükəsiz və nizamlı şəkildə ölkələrinə geri dönüblər. Son 15 gündə Suriyaya qayıdanların sayı isə 25 mini keçərək 7 dəfə artıb”, - Ali Yerlikaya deyib.
Suriyaya qayıtmaq istəyən şəxslərin Miqrasiya İdarəsinin rəsmi internet səhifəsi vasitəsilə müraciət edə biləcəkləri, həmin gün üçün dərhal görüş təyin olunduğu, Türkiyədəki ev və iş yeri əşyaları, eləcə də, nəqliyyat vasitələrini özləri ilə apara biləcəkləri qeyd olunub.
Ali Yerlikaya əlavə edib ki, Türkiyədəki suriyalıların qeydiyyat məlumatlarının Suriyada istifadə edilməsi üçün Dəməşq (Şam) və Hələb şəhərlərində Səfirlik və Konsulluqlar nəzdində Miqrasiya İdarəsi ofisləri qurulacaq.
Nazir bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə 1 yanvar - 1 iyul 2025-ci il tarixləri arasında suriyalı qaçqınlara hazırlıq məqsədilə hər ailədən bir nəfərə 3 giriş-çıxış hüququ veriləcək.