...

BMTM-də 2024-cü ilin yekunlarına həsr olunan mətbuat konfransı keçirilib

Cəmiyyət Materials 24 Dekabr 2024 12:49 (UTC +04:00)
BMTM-də 2024-cü ilin yekunlarına həsr olunan mətbuat konfransı keçirilib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) 2024-cü il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.

Trend xəbər verir ki, konfransda çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Mərkəzin sözügedən dövr ərzində ölkə daxilində və sərhədlərimizdən kənarda yerli və xarici tərəfdaşlarla fəal iş apardığını bildirib.

Onun sözlərinə görə, 2024-cü ildə BMTM-in fəaliyyəti əsas etibarilə prezident və parlament seçkilərindən sonra dövlətimizin başçısı tərəfindən müəyyənləşdirilən tezis və mesajlar istiqamətində qurulub. Həmçinin beynəlxalq gündəmin aktual məsələləri və onların ölkəmizə mümkün təsirləri BMTM-in fəaliyyətində öz əksini tapıb.

Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə mütəmadi, düzgün və operativ qaydada çatdırılması istiqamətində görülən işlərdən danışan BMTM-in sədri əlavə edib: “Azərbaycan gündəminin ingilis dilində yığcam və düzgün analitik təsvirini ehtiva edən 12 bülleten hazırlanıb. İl ərzində dərc olunan kitab və broşürlərin ümumi sayı 10-dur. Onlardan 2-si Azərbaycan dilindədir ki, bunun da biri bu il təqdimatını keçirdiyimiz “İlham Əliyevin xarici siyasət uğurları 2003-2023 broşürü”dür, digəri isə təqdimatının yanvarda keçirilməsi nəzərdə tutulan, şöbə müdiri Cavid Vəliyev tərəfindən yazılan “Erməni millətçi irredentizmi və Qarabağ müharibələri” sərlövhəli kitabdır. İngilis dilində, ümumilikdə 6 nəşrimiz olub. Onlardan ikisi Qərbi Azərbaycan, ikisi COP29, biri Vətən müharibəsi, biri isə Mərkəzin ötənilki fəaliyyət istiqamətlərini əhatə edir. Rus dilində isə Rusiya-Azərbaycan və Azərbaycan-Qazaxıstan münasibətləri ilə bağlı icmallarımız dərc edilib.

Azərbaycan dilində 14, rus dilində 6, ingilis dilində 10 olmaqla ümumilikdə 30 təhlil hazırlanıb və saytımızda yerləşdirilib.

BMTM tərəfindən il ərzində ümumilikdə 29 tədbir təşkil edilib. Onların arasında “Azərbaycanla Ermənistan arasında sülh sazişinə başlıca maneə”, “Azərbaycan-Çin münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol”, eləcə də tərəfdaşlarımızla birlikdə təşkil edilən “COP29 və Azərbaycan üçün yaşıl baxış”, “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusundakı beynəlxalq konfranslar qeyd edilməlidir”.

Mərkəzin COP29 dövrünü də səmərəli başa vurduğunu bildirən Fərid Şəfiyev deyib: “COP29 çərçivəsində Braziliyanın CEBRI beyin mərkəzi ilə Troyka ölkələrində enerji keçidi barədə mümkün çağırışları müzakirə etdik. COP29 Sədrliyi ilə birgə təşkil etdiyimiz "COP29 Düşüncədən əmələ: Bakı Habı ilə həll yollarının formalaşdırılması" mövzusundakı tədbirdə isə Almaniya, BƏƏ, Misir, Birləşmiş Krallıq və İtaliyadan olan həmkarlarımızla birlikdə beyin mərkəzlərinin işçi qrupunun yaradılmasına nail olduq.

Bu il 9 tərəfdaşla Anlaşma Memorandumu imzalanıb. Bunlar Türkiyənin İbn Haldun Universiteti, İtaliyanın Asiya İnkişaf İnstitutu, Peruca Universiteti, Koreya Respublikasının Xarici Araşdırmalar üzrə Hankuk Universiteti, Özbəkistanın Xarici Siyasət Araşdırmaları və Beynəlxalq Təşəbbüslər Mərkəzi, Mərakeşin Amadeus İnstitutu, Qırğızıstan Respublikası Prezidenti yanında Milli Strateji Təşəbbüslər İnstitutu, Böyük Britaniyanın Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutu, Vaşinqton mərkəzli Yaxın Şərq İnstitutudur”.

Xəbər lenti

Xəbər lenti