Bakı. Trend:
Xaçmaz rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il bayramı” ərəfəsində növbəti ağacəkmə aksiyası keçirilib.
Trend xəbər verir ki, Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ekoloji aksiya “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun kənarında təşkil olunub.
Aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Milli Məclisin deputatı Ağalar Vəliyev, YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, ziyalılar və ictimaiyyət nümayəndləri iştirak edib.
Xaçmazlılar magistral yolun kənarına yerli iqlim şəriatinə uyğun gələn 2400 ədəd şam ağacı əkiblər. Həmçinin əvvəl basdırılan ağaclara aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib.
Qeyd edək ki, Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən ağacəkmə
aksiyaları mütəmadi olaraq təşkil edilir.
Məqsəd yaşıllıq zolaqlarını genişləndirmək, rayonun ekoloji
tarazlığına tövhə vermək və insanlar arasında təbiətə qayğı hissini
təbliğ etməkdir.