...

Göygöldə IV Milli Yaylaq Festivalı çərçivəsində Aqrar Biznes Festivalı keçirilib (FOTO)

Cəmiyyət Materials 18 Avqust 2025 13:52 (UTC +04:00)
Göygöldə IV Milli Yaylaq Festivalı çərçivəsində Aqrar Biznes Festivalı keçirilib (FOTO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanın zəngin yaylaq mədəniyyətini, milli irsini və kənd təsərrüfatı potensialını tanıtmaq məqsədilə 15-17 avqust tarixlərində Göygöl rayonunda IV Milli Yaylaq Festivalı təşkil olunub.

Trend xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Cavad Xan Tarix və Mədəniyyət Fondunun təşəbbüsü, Göygöl rayin icra hakimiyyətinin, digər dövlət qurumlarının, o cümlədən, Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaşlığı, özəl sektorun dəstəyi ilə Xan Yurdu yaylağında təşkil olunan festival 3 gün davam edib.

Məlumata görə, festival çərçivəsində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə ölkənin kənd təsərrüfatı sektorunu, innovativ həlləri və biznes imkanlarını bir araya gətirən Aqrar Biznes Festivalı baş tutub. Aqrar Biznes Festivalında fermerlər, kənd təsərrüfatı məhsulları istehsalçıları, emal müəssisələri, ixracatçılar, innovasiya şirkətləri kənd təsərrüfatı təyinatlı məhsul və texnologiyaları, müxtəlif bitki toxumları, aqrar sahə ilə bağlı yeni xidmətlər, o cümlədən aqrar sığorta məhsulları ilə tanış olublar. İştirakçılar bu kimi tədbirlərin aqrar sahədə yeni işgüzar əlaqələrin qurulması, yerli istehsalçıların məhsullarının daha geniş bazarlara çıxması və aqroturizm potensialının artırılması baxımından əhəmiyyət kəsb etdiyini bildiriblər.

Bildirilib ki, festival çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat İnstitutları, Süni Mayalandırma Mərkəzi, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu öz məhsul və xidmətləri ilə təmsil olunub.
Tədbir zamanı Aqrar Sığorta Fondunun nümayəndələri ölkəmizdə dövlət dəstəkli aqrar sığorta mexanimzi barədə təqdimat keçirib, iştirakçıları aqrar sığortanın üstünlükləri, zərərin hesablanması, fermerlərə ödənişlərin verilməsi, aqrar sığorta məhsulları barədə geniş məlumat veriblər. Daha sonra sığorta müqaviləsində nəzərdə tutulmuş risklər üzrə təsərrüfatları zərər çəkmiş fermerlərə sığorta ödənişləri təqdim olunub.

Qeyd edilib ki, IV Milli Yaylaq Festivalı həm bölgənin turizm potensialına töhfə vermək, həm də kənd təsərrüfatı ənənələrinin, mədəniyyət, milli mətbəx nümunələrinin tanıdılması baxımından mühüm əhəmiyyətə malik tədbir sayılır. Proqram zənginliyi və iştirakçı sayının çoxluğu baxımından festival dövlət-özəl sektor tərəfdaşlığının uğurlu örnəyi hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti