Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Tərtər rayonunun işğal altında olan kəndlərində törətdiyi yanğınlar nəticəsində ümumilikdə ətraf mühitə 694 min 459 manat həcmində ziyan dəyib. Bu barədə Trend ə Tərtər rayonunda aparılmış monitorinqin baş məsləhətçisi Vaqif Əliyev məlumat verib.
Bərdə rayonunda yerləşən 8 saylı ərazi ekologiya və təbii sərvətlər şöbəsinin əməkdaşları Ermənsitan Silahlı Qüvvələrinin Tərtər rayonunun işğal altında olan ərazisində törətdiyi yanğınlara dair monitorinq aparıb. Cümə günü həmin monitorinqin nəticəsi açıqlanıb.
Əliyevin bildirdiyinə görə, Ermənistan Silahlı Qüvvələri Tərtərin işğal altında olan Talış, Çaylı, Həsənqaya, Şixar, Qızıloba kəndləri ərazisində 450 hektar torpaq sahəsini tamamilə yandırıb. 10 hektar meşə sahəsini ağacları yandırmaqla sıradan çıxarıblar. Yanğınlar nəticəsində beş kəndin ərazisində yanan otlaq sahəsinə 70 min 785 manat, torpağın üst münbit qatına 495 min manat, meşə sahəsində ağacların zədələnməsinə görə 108 min 900 manat, fauna sahəsinə 10 min 684 manat, atmosferə 9 min 90 manat məbləğində ziyan dəyib.
Monitorinqin baş məsləhətçisi bildirib ki, yanğınlar zamanı Azərbaycanın "Qırmızı kitab"a düşmüş 37 növ canlısı da məhv edilib.
Xatırladaq ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər, Tərtər rayonunun bir neçə kəndi 1992-ci ildən indiyədək erməni Silahlı Qüvvələrinin işğalı altındadır.