...

Avropa Şurasının komissarı ömürlük azadlıqdan məhrum edilmiş məhbusların problemləri ilə maraqlanıb

Cəmiyyət Materials 5 Sentyabr 2007 11:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə /Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Azərbaycanda ölüm cəzası ömürlük azadlıqdan məhrum etmə ilə əvəzlənmiş məhbusların problemləri ilə maraqlanıb. Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Tomas Hammerberq Azərbaycana səfəri çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qobustan qapalı həbsxanasına baş çəkib.

Avropa Şurasının kommisarı Azərbaycanın insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova ilə birlikdə həbsxananın korpuslarına baxış keçirib, ömürlük və müddətli həbs cəzasına məhkum edilmiş şəxslərin saxlanma şəraiti ilə tanış olub, onların problemlərini öyrənib, məhkumlara hüquqlarını izah edib.

Qobustan qapalı müəssəsinin rəhbərliyi cəza çəkən ömrlük məhkumların şikayətlərinin ömürlük həbs cəzasının müddətli cəza ilə əvəz olunması ilə bağlı olduğunu diqqətə çatdırıb.

1998-ci ildə Azərbaycanda ölüm cəzası ləğv olunub və cinayət qanunvericiliyində ən ağır cəza kimi ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Ölüm cəzası ləğv olunan zaman Azərbaycanda ölüm cəzasına məhkum olunmuş şəxslərin sayı 125 nəfər olub. Hazırda ömürlük azadlıqdan məhrum olunmuş məhbusların sayı 87 nəfərdir.

Xəbər lenti

Xəbər lenti