...

AÇ-2013 üçüncü gün: Türkan Nəsirova bürünc medal qazanıb

İdman Materials 21 İyun 2013 02:01 (UTC +04:00)
Monteneqronun Bar şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.
AÇ-2013 üçüncü gün: Türkan Nəsirova bürünc medal qazanıb

Azərbaycan, Bakı, 21 iyun /Trend/

Monteneqronun Bar şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.

Trend-in məlumatına görə, çempionatın üçüncü günündə 38, 43, 49, 56 və 65 kq çəkidə yeniyetmə qızlar mübarizəyə qoşulub.

43 kq-da Türkan Nəsirova Rusiya təmsilçisi ilə ilk görüşündən məğlub ayrılıb. Ancaq Rusiya güləşçisi finala yüksəldiyindən təmsilçimiz bürünc medal şansı əldə edib. Avropa çempionatının bürünc medalını qazanmaq üçün Türkan Nəsirova bolqar güləşçisini məğlub etməli idi. Təmsilçimiz bu işin öhdəsindən layiqincə gəlib - (2:0, 6:4).

38 kq çəkidə təmsilçimiz Ülkər Babayeva 1/4 finaldan mübarizəyə başlayıb. Ancaq güləşçimizin çıxışı uğurlu alınmayıb. Təmsilçimiz təsəlliverici görüşə qatılıb. Polşa güləşçisi ilə gərgin keçən təsəlliverici görüşü 12:9 qalib gələn Ülkər Bbayeva bürünc medal şansını davam etdirib. Həlledici görüşdə rəqib Norveç təmsilçisi olub. Güləşçimiz çempionatı 5-ci sırada tamamlayıb.

49 kq çəkidə Şəbnəm Əhmədova 1/8 finaldakı rəqibi Ukrayna güləşçisi ilə görüşdən məğlub ayrılıb. Növbəti mərhələdə Ukrayna güləşçisisi də məğlub olduğundan güləşçimiz medal şansını itirib.

56 kq-da Ləman Qurbanova da 1/8 finaldan mübarizəyə başlayıb. Türkiyə güləşçisinə məğlub olan Ləman Qurbanova mübarizəni erkən dayandırıb.

65 kq çəkidə təmsilçimiz Anita Kələntərova ilk görüşünü bolqar güləşçiyə qarşı keçirib. 0:4 hesablı qələbə qazanan təmsilçimiz 1/4 finalda Belarus güləşçisi ilə qarşılaşmadan məğlub ayrılıb. Belarus təmsilçisi növbəti görüşdə uduzub, Anita Kələntərova çempionatı medalsız tamamlayıb.

Xatırladaq ki, böyük məşqçi Rövşən Süleymanov və məşqçi Mətanət Süleymanovanın başçılığı altında 8 qız güləşçimiz - Ülkər Babayeva (38 kq), Türkan Nəsirova (43 kq), Sona Tumarxanova (46 kq), Şəbnəm Əhmədova (49 kq), Leyla Orucova (52 kq), Ləman Qurbanova (56 kq), Rahilə Quluzadə (60 kq) və Anita Kələntərova (65 kq) çempion adı uğrunda yarışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti