...

Vergilərin tarixindən maraqlı məlumatlar

İqtisadiyyat Materials 6 Mart 2019 16:34 (UTC +04:00)
Lap qədimdən müxtəlif ölkələrdə «qalxan» müdafiə, «qılınc» hücum simvolu hesab edilib.
Vergilərin tarixindən maraqlı məlumatlar

Bakı. Trend:

Lap qədimdən müxtəlif ölkələrdə «qalxan» müdafiə, «qılınc» hücum simvolu hesab edilmişdir. İngiltərə kralı II Henrix (1154- 1189) dövründə feodallardan hərbi xidmətə getmək istəmədiklərinə görə «qalxan» adlanan vergi yığırdılar. Toplanan vəsait orduya cəngavərlər cəlb etmək üçün xərclənirdi.

Keçmişdə hər bir vergi güzəşti çox böyük xeyirxahlıq kimi təriflənir, hətta daş üzərinə həkk olunurdu. Bakının İçəri şəhərində Cümə Məscidinin divarında üç hökmdarın fərmanları yazılmışdı. Bunlardan biri Elxanilər padşahı Sultan Xudabəndə Məhəmməd Ulcaytunun şəhər və vilayət rəiyyətinin dörd vergidən azad edilməsi, ikincisi I Şah Təhmasibin bəzi vergilərin azaldılması, üçüncüsü I Şah Abbasın ramazan ayı üçün bir vergi növünü bağışlaması haqqında fərmandır.

Şah Abbasın daha bir fərmanı Ordubad şəhər məscidinin girişində həkk edilmişdi. Tarixi mənbələrə görə Ordubad şəhərinin əhalisinin vergilərdən azad olunması barədə verilmiş bu fərman şahın Nəsirəddin Tusi nəslindən olan baş vəzir Hatəm bəy Ordubadiyə hörmət və rəğbətinin ifadəsi idi.

Rus çarı I Pyotr (1672- 1725) dövründə saqqal vergisi və palıd taxtasından tabut üçün vergi yığılırdı. Keşişlərdən, monaxlardan və kəndlilərdən başqa bütün əhali ya saqqalını qırxmalı, ya da vergi verməliydi. Kəndlilər şəhərə daxil olduqda və ya çıxdıqda saqqal rüsumu ödəyirdilər.Palıd taxtasından tabut üçün vergi ağır olsa da, imkanlı adamlar bu qiymətli taxtadan tabut hazırlatdırmaları ilə öyünürdülər.

Nadir şah Əfşar (1688- 1747) Hindistana hücum etmiş və çoxlu qənimət ələ keçirmişdi. Əhali arasında nüfuzunu qaldırmaq məqsədilə bütün ölkə vətəndaşlarını 3 illik vergi yükündən azad etdi. Lakin çox keçmədi ki, fikrini dəyişdi və xalqa «bağışlanmış» vergilərin zorla yığılması barədə fərman imzaladı.

XVII əsrdə bir rus maliyyəçisi təklif etmişdi ki, bütün vergiləri ləğv edib yalnız duz vergisini saxlamaq lazımdır, çünki düzsuz heç bir şey yemək olmur.

Rus çariçası II Yekaterina (1762- 1796- cı illərdə hakimiyyətdə olmuşdur) əksinə etmişdi. Duz vergisini azaltmışdı. Bunun nəticəsində həmin illərdə duzdan daha çox (xüsusilə də balıq sənayesində) istifadə edilirdi.

Çay alış-verişi Rusiya üçün həmişə əlverişli olmuşdur. XIX əsrin əvvəllərində çay rüsumu onun dəyərinin 80- 120 faizini təşkil edirdi. Bununla da bir il ərzində çay satışından dövlət büdcəsinə 3,5 milyon rubl daxil olurdu. Dövlət çaydan təxminən həmin çayı ölkəyə gətirmiş Çin tacirlərinin qazancı qədər gəlir götürürdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti