...

Bakıda süni intellekt və insan hüquqları mövzusunda beynəlxalq konfrans keçirilib (FOTO)

İqtisadiyyat Materials 15 Noyabr 2019 17:34 (UTC +04:00)
Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) və Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun təşkilatçılığı ilə bu gün Bakıda “Süni intellekt və insan hüquqları” adlı beynəlxalq konfrans keçirilib.
Bakıda süni intellekt və insan hüquqları mövzusunda beynəlxalq konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) və Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun təşkilatçılığı ilə bu gün Bakıda “Süni intellekt və insan hüquqları” adlı beynəlxalq konfrans keçirilib.

Trend-in məlumatına görə, Birinci vitse-prezidentin köməkçisi Gündüz Kərimovun giriş sözü ilə açılan beynəlxalq konfransda süni intellektin məhkəmə və özəl icra sistemlərində tətbiqinə dair Avropada mövcud olan təcrübələr, rəqəmsallaşma sahəsindəki son yeniliklər, eləcə də Azərbaycanın milli qanunvericiliyi və bu sahədəki perspektivlər, qarşıda duran vəzifələr, rəqəmsal ədliyyəyə keçid kimi mühüm mövzular ətrafında maraqlı müzakirələr aparılıb.

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə çıxış edərək süni intellekt və robotlardan istifadənin hüquq elmində tamamilə yeni bir istiqamət formalaşdırdığını, hüquq və insan haqları kontekstində süni intellektin cəmiyyətdə yeni çağırışlar edən mühum məsələ olduğunu qeyd edərək dövrün tələbləri ilə ayaqlaşan Azərbaycan elmində, eyni zamanda insan hüquqları sahəsində sözügedən mövzuya dair dünya təcrübəsinin öyrənilməsi və tətbiqi məqsədilə belə bir konfransın keçirildiyini qeyd edib.

Daha sonra Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti, hüquq üzrə elmlər doktoru Ramin Qurbanov çıxışında bildirib ki, Avropa Komissiyası Avropada məhkəmə sisteminin, ədliyyə və prokurorluq orqanları, vəkillik institutunun fəaliyyətinin səmərəliliyi və keyfiyyətinin artırılmasının təşviqi və dəstəklənməsi ilə fəal məşğul olur.

Onun sözlərinə görə, CEPEJ tərəfindən üzv dövlətlərdə ədliyyənin səmərəliliyi və keyfiyyətinin artırılması məqsədilə çox sayda rəhbər qaydalar və digər sənədlər hazırlanır, habelə müxtəlif aktual mövzulara dair elmi tədqiqatlar aparılır:

“Onlardan biri kimi, CEPEJ ötən ilin dekabr plenar iclasında “Süni İntellektin məhkəmə sistemləri və onlarla bağlı münasibətlərdə istifadəsinə dair Avropa Etik Xartiyası”nı qəbul etdi, bu da Avropada ilk dəfə olaraq siyasətçilərə, qanunvericilərə və ədliyyə sahəsində çalışan rəhbər şəxslərə milli məhkəmə proseslərində Süni İntellektin sürətli inkişafı məsələsində istiqamət verə biləcək normativ prinsiplər çərçivəsini təmin etdi. Unudulmamalıdır ki, Süni İntellekt qanunun aliliyinin təminatlarını, həmçinin ədliyyəyə əlçatımlığı və ədalət mühakiməsinin keyfiyyətini azaltmaq deyil, əslində gücləndirməlidir”.

R.Qurbanov süni intellektin tətbiqinin insan hüquqlarına birbaşa təsir göstərə biləcəyini, bu sahəni tənzimləyən ilk Avropa Etik Xartiyasını məhz rəhbərlik etdiyi qurum tərəfindən hazırlanaraq təsdiq olunduğunu, həmin Avropa standartlarına bütün üzv dövlətlərin riayət edəcəklərinin zəruriliyini, habelə Avropa Şurasının üzv dövlətlərində olduğu kimi Azərbaycanda da süni intellektin hüquq sistemində tətbiq edilməsi vacibliyini və ölkə başçısının məhkəmə-hüquq sisteminə göstərdiyi diqqətin nəticəsi olaraq bu gün Azərbaycanın məhkəmə sisteminin rəqəmsallaşdırılması istiqamətində irihəcmli işlərin görülməsini bildirib.

Tədbirdə çıxış edən digər iştirakçılar da mövzu ilə bağlı öz fikirlərini bildiriblər.

Konfransın sonunda Avropa Şurasının xüsusi nəşri olan - CEPEJ-in “Süni intellektin məhkəmə sistemləri və bu sistemlərlə bağlı münasibətlərdə istifadəyə dair Avropa Etik Xartiyası”nın Azərbaycan dilində buraxılışının təqdimatı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti