...

İşəgötürənlərin muzdlu işçilərinə əməkhaqlarının ödənilməsi 2 ay ərzində bərabər hissələrlə həyata keçiriləcək (VİDEO)

İqtisadiyyat Materials 9 Aprel 2020 18:50 (UTC +04:00)
İşəgötürənlərin muzdlu işçilərinə əməkhaqlarının ödənilməsi 2 ay ərzində bərabər hissələrlə həyata keçiriləcək (VİDEO)

Bakı. Trend:

Koronavirus (COVID-19) pandemiyasının sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə Nazirlər Kabinetinin qəbul etdiyi Tədbirlər Planına uyğun olaraq, İqtisadiyyat Nazirliyi koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara və onların muzdlu işçilərinə maliyyə dəstəyi proqramına start verib.

Trend-in məlumatına görə, Vergilər Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəisi Natiq Şirinov maliyyə dəstəyinin göstərilməsi ilə bağlı müraciət qaydalarını və vəsaitlərin köçürülməsi mexanizmlərini şərh edib.

Natiq Şirinov bildirib ki, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyəti məhdudlaşmış sahibkarlıq subyektlərinə maliyyə dəstəyi verilməsi məqsədilə dövlət tərəfindən kompleks tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlər çərçivəsində həmin sahibkarlara vergi güzəştlərinin və tətillərinin verilməsi, onların sosial sığorta haqları üzrə yüklərinin azaldılması, sahibkarların muzdlu işçilərinə ödədikləri əməkhaqqının bir hissəsinin dövlətin ayırdığı vəsait hesabına ödənilməsi, fərdi (mikro) sahibkarlara isə birbaşa maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulub.

Sahibkarlıq subyektlərinin müraciət etmələrinin asanlaşdırılması ilə bağlı proqram təminatı hazırlanıb və aprelin 8-dən etibarən istifadəyə verilib. Aprelin 9-dan başlayaraq 10 min 853 muzdlu işçisi olan 1000-dən yuxarı vergi ödəyicisi olan hüquqi şəxs və 600-dən çox fərdi sahibkar maliyyə dəstəyi proqramından yararlanmaq üçün müraciət edib.

Baş İdarə rəisi müraciətlərin göndərilməsi qaydası və mexanizmləri barədə də məlumat verib. Bildirilib ki, İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) pandemiyadan zərər çəkmiş sahələr üzrə maliyyə dəstəyinin göstərilməsi ilə bağlı xüsusi bölmə yaradılıb. Vergiödəyiciləri İnternet Vergi İdarəsində mövcud olan şəxsi kabinetləri vasitəsilə həmin bölməyə daxil olaraq əmək ödənişləri üzrə alt bölməni seçməklə sahibkarlıq subyektlərinin muzdlu işçilərinə dəstəyin göstərilməsi ilə bağlı müraciət edə bilərlər. Müraciət edilərkən vergiödəyicisinə dair reyestr və uçot məlumatları proqram tərəfindən avtomatik olaraq doldurulur. Bu, vergiödəyicisinin qeydiyyatda olduğu vergi orqanı, onun VÖEN-i, aktiv bank hesabları barədə məlumatlar, 1 mart tarixinə və müraciət tarixinə işçi sayı barədə məlumatlardır. Sahibkar tərəfindən isə pandemiyadan zərər çəkdiyi sahə və həmin sahədə fəaliyyət göstərən işçilərin sayı barədə məlumatlar sistemə daxil edilir, həmçinin vəsaitlərin hansı banka ödənilməsi ilə bağlı qeyd aparılır.

Bu qeydlər aparıldıqdan və müvafiq düymə sıxıldıqdan sonra avtomatik rejimdə daxil edilmiş məlumatların yoxlanılması həyata keçirilir. Bu yoxlamalar zamanı sistem tərəfindən bir sıra uyğunsuzluqlar aşkarlana bilər. Məsələn, müraciət edən sahibkarın riskli vergiödəyiciləri ilə əməliyyatlar apardığı ortaya çıxa bilər. Martın 1-i tarixinə göstərilən işçi sayı ilə müraciət tarixinə olan işçi sayı ilə müqayisədə kəskin azalmalar, bank hesabının aktiv olmadığı müəyyən edilə bilər. Bu halda sistem tərəfindən həmin sahibkara müvafiq mesajlar verilir. Uçot məlumatlarında olan uyğunsuzluqların aradan qaldırılması ilə bağlı sahibkar müvafiq düzəlişləri edib yenidən müraciət edə bilər.

Elektron müraciətlər bütün yoxlama mərhələlərini keçdikdən sonra, hazırlanmış reyestr məlumatları gün ərzində Maliyyə Nazirliyinə göndərilir. Maliyyə Nazirliyində açılmış tranzit hesab vasitəsilə sahibkarın müraciətində göstərdiyi bank hesabına vəsaitlərin ödənilməsi təmin olunacaqdır.

N.Şirinov ödəniləcək vəsaitlərin məbləği ilə bağlı məsələlərə də aydınlıq gətirib. Onun sözlərinə görə, muzdlu işçilərə vəsaitlərin ödənilməsi prosesində Dövlət Statistika Komitəsi tərəfindən yanvar ayının sonuna ölkə üzrə orta aylıq əməkhaqqının məbləği - 712 manat əsas meyar olaraq götürülüb. Əgər muzdlu işçilərin aylıq əməkhaqqı 712 manatdan azdırsa, onlara əvvəl aldıqları faktiki əmək haqqı, əgər çoxdursa, o zaman 712 manat məbləğində vəsaitin hər bir muzdlu işçiyə ödənilməsi təmin ediləcək.

Bildirilib ki, həmin sahibkarın dövlət büdcəsinə vergi və ya sosial sığorta üzrə borcları olsa belə, məqsədli vəsaitlərin ünvana çatdırılması üçün banklardan sərəncamların geri götürülməsi təmin olunacaqdır.

Pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən işəgötürənlərin muzdlu işçilərinə əməkhaqlarının ödənilməsi 2 ay ərzində bərabər hissələrlə həyata keçiriləcək.

Vurğulanıb ki, işəgötürənlər özlərinin sosial məsuliyyəti məsələsini də yaddan çıxarmamalıdırlar. Muzdlu işçilərin əməkhaqqının ödənilməsinə dəstək dövlət tərəfindən ünvanlı şəkildə aparılır. Vəsait yalnız təyinatı üzrə, işçilərə əməkhaqqı kimi ödənilməlidir. Muzdlu işçilərin əməkhaqları, həmçinin onların fərdi sosial sığorta hesabında vəsaitlərin toplanmasının davam etməsi üçün sosial sığorta ayırmalarının da sahibkarın hesabına köçürülməsi təmin edilir. Vəsaitlərdən yalnız təyinatı üzrə istifadə olunmalıdır, əks halda, onlar dövlət büdcəsinə qaytarılacaq və müvafiq tədbirlər görüləcəkdir.

Hazırlanmış proqram təminatlarında fərdi (mikro) sahibkarların da müraciət etmələri ilə bağlı alt bölmə yaradılıb. Fərdi (mikro) sahibkarlar da İnternet Vergi İdarəsində olan şəxsi kabinetləri vasitəsilə müvafiq alt bölmədən istifadə etməklə müraciət edə bilərlər. Bu zaman da, yuxarıda qeyd olunduğu kimi, müvafiq məlumatların bir hissəsi sistem tərəfindən elektron qaydada doldurulur. Bu, sahibkarın qeydiyyatda olduğu vergi orqanının adı, onun VÖEN-i və aktiv bank hesabları haqqında məlumatlardır. Sahibkar tərəfindən isə müraciətə müvafiq vergi rejimi barədə məlumatlar əlavə edilir. Belə ki, fərdi (mikro) sahibkarlar 4 vergi rejimindən birində fəaliyyət göstərdikdə, onlara vəsaitlərin ödənilməsi təmin ediləcəkdir. Bu rejimlərə sahibkarın 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi rejimində fəaliyyət göstərməsi, fərqlənmə nişanı əsasında daşıma fəaliyyəti ilə məşğul olması, sabit vergi qəbzi ilə fəaliyyət göstərməsi və dövriyyəsi 12 ay ərzində 200 min manatı keçmədiyi halda mikro sahibkar kimi gəlir vergisi rejimində fəaliyyət göstərməsi aiddir.

Sahibkar sistemdə bu vergi rejimlərindən birini və vəsaitin ödəniləcəyi bank hesabını qeyd edir. Bundan sonra sistem tərəfindən doldurulmuş məlumatların emalı aparılır. Bu halda da sistem tərəfindən uyğunsuzluqlar aşkar edilə bilər. Uyğunsuzluqlar, əsasən, sahibkarın qeyd etdiyi vergi rejimi ilə uçot baza məlumatlarında olan vergi rejiminin üst-üstə düşməməsi və ya aktiv bank hesabının olmaması, 2019-cu ildə dövlət büdcəsinə ödənişlərin həyata keçirilməməsi ilə bağlı ola bilər. Uyğunsuzluq aşkarlandıqda sahibkara müvafiq mesaj göndərilir. Əgər məlumatlar doldurularkən uçot-baza məlumatlarında olan reyestr məlumatları ilə sahibkarın doldurduğu məlumatlar arasında uyğunsuzluqlar olarsa, sahibkara bu məlumatların dəqiqləşdirilməsi və yenidən müraciət etməsi üçün imkan yaradılır. Beləliklə, sistem tərəfindən müraciət qəbul olunduqdan sonra müvafiq emaldan keçir və gün ərzində Maliyyə Nazirliyinə göndərilir ki, müvafiq tranzit hesabdan sahibkarın göstərdiyi bank hesabına vəsaitin ödənilməsi təmin edilsin.

Fərdi mikro sahibkarlara ödənişin həcmi minimum 250 manat təşkil edir. Əgər onun ödənişləri 2019-cu il ərzində 250 manatadək olubsa, həmin sahibkara 250 manat ödəniləcək. Əgər vergi ödənişləri daha böyük məbləğdə olarsa, sahibkarlara ödənilən vəsaitlərin məbləği 5000 manata qədər ola bilər.

N.Şirinov qeyd edib ki, aprelin 9-dan etibarən İqtisadiyyat Nazirliyinin elektron sistemi və müvafiq proqram təminatı göstərilən parametrlər üzrə kütləvi müraciətlərin qəbuluna tam hazırdır. İdarə rəisi yalnız Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş sahələrdə fəaliyyət göstərən və pandemiyadan zərər çəkmiş sahibkarların maliyyə dəstəyi proqramından yararlanmaq üçün müraciət etməli olduqlarını xüsusi qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti