Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev 5 il əvvəl Davosda bütün neft istehsalçılarının mənafeyini nəzərə alan bir həll formulu irəli sürdü. Bu, yalnız OPEC ölkələrinin deyil, qeyri-OPEC ölkələrinin də neft bazarının tənzimlənməsi prosesinə cəlbi idi və belə bir təşəbbüslə ilk dəfə olaraq Azərbaycan çıxış etdi. Bu təşəbbüs “OPEC plus” formatının yaradılmasında mühüm rol oynadı. Azərbaycan bu təşəbbüsün müəllifi olmaqla yanaşı, həm də qəbul edilmiş qərarların icrasına, “OPEC plus” əməkdaşlığının davamlılığına ardıcıl töhfələr verir. Azərbaycan bu missiyası ilə artıq nəinki özünün, həm də digər qeyri-OPEC ölkələrinin təşkilata inteqrasiyasını təmin edib. Belə ki, hər bir neft istehsalçısı kimi bizim üçün də əsas məqsəd bazarda balansın, sabitliyin təmin edilməsidir. Bu məsələ isə təşkilata üzvlüklə deyil, həmrəylik və əməkdaşlıqla mümkündür.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Energetika Nazirliyindən bildirilib.
Nazirlikdən qeyd edilib ki, OPEC-ə inteqrasiyanın bugünkü anlamı da məhz daha çox neft ölkəsinin bu məqsəd ətrafında birləşməsidir. Təsadüfi deyil ki, Azərbaycan neftlə bağlı müzakirələrdə hazırkı kəskin tələbat çatışmazlığı və volatillik vəziyyətində neft bazarına zəruri dəstəyə nail olmaq üçün digər neft istehsalçılarının da bu prosesə qoşulmasına çağırışlar edir. Onu da əlavə edək ki, OPEC ilə uzunmüddətli münasibətlər “Neft İstehsal Edən Ölkələr arasında Əməkdaşlıq Xartiyası” çərçivəsində də təmin edilir.
Qeyd edilib ki, neft sənayesinin hazırkı və gələcək inkişafı üçün münasib qiymətlərin müəyyənləşməsində başlıca faktor neftə iqtisadi inkişafla dəstəklənən qlobal tələbatda artımdır. Lakin dünyada hazırkı iqtisadi geriləmə və tələbatın bərpa müddətinin qeyri-müəyyənliyi neftin bahalaşmasına təzyiq edir. “OPEC plus” tədbirləri, eləcə də digər ölkələrdə hasilatın azalması təklif tərəfdən qiymətə dəstək versə də, neftin 50 dollar qiymət dəhlizində sabitləşməsindən danışmaq hələ tezdir. Lakin arzuediləndir. Neft sənayesi proqnozlaşdırılması çətin olan və qeyri-sabit dövrünü yaşayır. Belə bir vəziyyətdə əsas məsələ neft bazarında böhranın dərinləşməsinə yol verməməkdir. Neft hasilatının böyük həcmlərdə azaldılması ilə bağlı tədbirlər də məhz bu məqsədə xidmət edir.