Bakı. Trend:
Azərbaycanda bərpa olunan enerj mənbələrinin (BEM), iqlim risklərinin sığortası və eko-avtosığortası kimi seqmentlərin inkişafına diqqət yetirilir.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov Bakıda "Yaşıl maliyyə və dayanıqlı inkişaf" mövzusunda keçirilən forumda bildirib.
"Sığorta sektoru da dayanıqlılıq təşəbbüslərinin həyata keçirilməsində aktiv iştirak edir. Mərkəzi Bank hökumətlə birlikdə bu istiqamətdə sığorta sektorunun fəaliyyətini fəal şəkildə dəstəkləyir. Xüsusilə bərpa olunan enerji mənbələri sığortası, iqlim risklərinin sığortası, eko-avtosığorta və aqrosığorta kimi seqmentlərin inkişafına xüsusi diqqət yetirilir", - o bildirib.
Qeyd edək ki, bu gün Azərbaycan Mərkəzi Bankı və maliyyə sektorunun aparıcı assosiasiyaları tərəfindən BMT-nin Azərbaycandakı Nümayəndəliyi ilə əməkdaşlıq çərçivəsində “29 İqlim söhbəti: COP29-a gedən yol” təşəbbüsünün mühüm tədbirlərindən olan “Yaşıl maliyyə və dayanıqlılıq forumu” keçirilib.
Hökumət, maliyyə institutları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti kimi vacib tərəfdaşların bir araya gəldiyi bu forumda iqlim dəyişikliyi ilə mübarizə və davamlı iqtisadi artımı təşviq etmək üçün yaşıl maliyyənin əhəmiyyəti müzakirə olunub.
Bu tədbir Azərbaycanın 2024-cü ilin noyabrında ev sahibliyi edəcəyi COP29-a hazırlıq prosesinin mühüm bir mərhələsi kimi qeyd edilib və ölkənin yaşıl maliyyəni qlobal iqlim səylərinin mərkəzinə yerləşdirmək öhdəliyinin möhkəmlənməsinə xidmət edib.