Bakı. Trend:
Azərbaycan bankları "yaşıl" maliyyələşdirməyə növbəti 36 il ərzində təxminən 17,6 milyard dollar yönəltməlidir.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev Bakıda "Yaşil maliyyə və dayanıqlı inkişaf" mövzusunda keçirilən forumda bildirib.
Z.Nuriyev xatırladıb ki, Dünya Bankının iqlim və inkişafla bağlı hesabatına əsasən, 2060-cı ilə qədər Azərbaycanın karbon tullantılarını əhəmiyyətli dərəcədə azaltması üçün təxminən 44 milyard dollar investisiyaya ehtiyacı var.
O qeyd edib ki, bu investisiyaların əhəmiyyətli hissəsi özəl sektorun, habelə bank sektorunun iştirakı ilə təmin oluna bilər - investisiyaların 60 faizi hökumət və ictimai təşkilatlar tərəfindən, qalan 40 faizi isə banklar tərəfindən maliyyələşdirilə bilər.
"Bu çağırışların öhdəsindən gəlmək üçün həm dövlət, həm də özəl sektordan investisiyaların cəlb edilməsini dəstəkləmək lazımdır. Dövlət və beynəlxalq maliyyə institutları, eləcə də xarici investorlarla əməkdaşlığı gücləndirmək vacibdir. Banklar "yaşıl" kreditlər və digər iqlim maliyyələşdirmə alətləri təqdim etməlidir. "Yaşıl" maliyyələşdirmə üçün dövlət və özəl sektor arasında tərəfdaşlıqlar genişlənməli, banklar isə "yaşıl" kreditlər və dayanıqlı maliyyə alətləri ilə bazarı dəstəkləməlidir. Növbəti 36 il ərzində banklar "yaşıl" maliyyələşdirməyə təxminən 17,6 milyard dollar yönəltməlidir. Yəni, növbəti dövrdə bizim bank sektorumuz kredit portfelinin hazırkı ölçüsünə bərabər olan vəsaitləri yalnız "yaşıl" layihələrə yönəltməlidir - bu, ciddi bir çağırışdır", - o bildirib.