Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) ilin sonuna qədər dayanıqlı maliyyələşdirmə planını və maliyyə qurumlarının çərçivə şərtlərini tətbiq etməyi planlaşdırır.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə Bakıda "Yaşil maliyyə və dayanıqlı inkişaf" mövzusunda keçirilən forumda bildirib.
Onun sözlərinə görə, Mərkəzi Bank dayanıqlı maliyyələşdirmə siyasətini 4 əsas istiqamətə bölüb.
"Birinci istiqamət maliyyə sektorunun potensialının inkişafı ilə bağlıdır. Mərkəzi Bankda və maliyyə sektorunda lazım olan insan resursları olmadan dayanıqlı maliyyələşdirmə inkişafı barədə danışmaq mümkün deyil.
Bu məqsədlə cari ildən mütəxəssislərin ixtisasını artırmaq üçün bir sıra tədbirlər həyata keçirilir. İkinci istiqamət – tənzimləyici boşluqların aradan qaldırılmasıdır. Bu, yerli bazarın tələblərinə uyğun yeni qaydaların, qanunların və təlimatların hazırlanması və uyğunlaşdırılmasını nəzərdə tutur. Üçüncü istiqamət - taksonomiyanın yaradılmasıdır.
Digər ölkələrdə bu proses adətən 1-2 il çəkir, lakin Azərbaycan COP29 ilə əlaqədar işi sürətləndirərək bunu 6 ayda başa çatdırmağa çalışır. Hazırda layihə tamamlanma mərhələsindədir. Dördüncü istiqamət - şəffaflığın təmin olunmasıdır.
Maliyyə institutları artıq qismən ESG tələblərinə riayət etsələr də, əsas vəzifə ictimaiyyətin məlumatlılığını artırmaqdır. Bu kontekstdə Mərkəzi Bank ilk dayanıqlı maliyyələşdirmə planını təqdim edib və yerli maliyyə institutlarının da öz planlarını açıqlaması üçün çərçivə şərtlərini hazırlayır. Bu prosesin tamamlanması və tətbiqi ilin sonuna qədər planlaşdırılır", - o deyib.