Əlcəzair. Trend:
Qırğızıstanın İslam bankçılığı sektoru 2033-cü ilə qədər əhəmiyyətli artım nümayiş etdirəcək.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bu haqda Avrasiya İnkişaf Bankı (AAİB), İslam Bankı İnstitutu (İsDBI) və London Fond Birjası Qrupunun (LSEG) İslam İnkişaf Bankının Əlcəzairdə keçirilən İllik Toplantısı çərçivəsində təqdim olunan birgə hesabatında qeyd olunur.
“Proqnozlara əsasən, Qırğızıstanda islam bankçılığı sektoru sürətlə inkişaf edəcək və 2028-ci ilə qədər 58 milyon ABŞ dollarına, 2033-cü ilə qədər isə 67 milyon ABŞ dollarına çatacaq. İslam bankçılığının artımı ilə yanaşı, ölkədə sukuk bazarının da əhəmiyyətli dərəcədə inkişaf edəcəyi gözlənilir. Belə ki, buraxılmış sukukların həcminin 2028-ci ildə 67 milyon ABŞ dollarına, 2033-cü ildə isə 170 milyon ABŞ dollarına çatacağı proqnozlaşdırılır”, – hesabatda qeyd olunur.
Müəlliflər vurğulayırlar ki, Qırğız Respublikasının Milli Bankı (QRMB) 2013–2027-ci illəri əhatə edən strateji sənədində islam bankçılığı sektorunun bank sistemindəki payının 5%-ə çatdırılmasını hədəf kimi təsbit edib.
“QRMB-nin məlumatına əsasən, əvvəlki illərdə aparılmış tədqiqatlar və sorğular göstərib ki, kiçik və orta biznes sektorunda islam maliyyə xidmətlərinə yüksək, lakin ödənilməmiş tələbat mövcuddur. 2022-ci ildə islam bankçılığı sektorunun aktivləri ölkənin ümumi bank aktivlərinin cəmi 1,5%-ni təşkil etsə də, əhalinin böyük hissəsinin müsəlman olması bu sahənin gələcək inkişafı üçün böyük potensialın olduğunu göstərir.
2023-cü ildə Qırğızıstan hökuməti ölkədə islam iqtisadiyyatı platformasının inkişafına dair 2023–2027-ci illəri əhatə edən konsepsiyanı təsdiq etmiş; bu sənəd ölkənin islam maliyyəsi sahəsində regional mərkəzə çevrilməsini hədəfləyir. Həmçinin 2023-cü ilin mart ayında Qırğızıstanda ilk islam investisiya bankının yaradılması planları barədə məlumat verilmişdi”, – sənəddə vurğulanır.