Əlcəzair. Trend:
İslam İnkişaf Bankı Mərkəzi Asiyada ümumilikdə 8,39 milyard ABŞ dollarından çox məbləğdə 462 layihəni maliyyələşdirib
Bu barədə Trend-in xüsusi müxbiri İslam İnkişaf Bankının Əlcəzairdə keçirilən İllik Toplantısı çərçivəsində ictimailəşən məlumatlarına əsasən xəbər verir.
Özbəkistan həm həyata keçirilən layihələrin sayı, həm də cəlb olunan maliyyə vəsaitlərinin həcmi baxımından regionda inamla lider mövqeyini tutur. Bu günədək ölkədə 168 layihə icra olunub, onlardan 73-ü tamamlanıb, 95-i isə aktiv icra mərhələsindədir. İİB Qrupu tərəfindən Özbəkistana ayrılan ümumi maliyyə dəstəyi 3,974 milyard ABŞ dolları təşkil edir ki, bu da bankın Mərkəzi Asiyada götürdüyü ümumi öhdəliklərin demək olar ki, yarısını təşkil edir.
Qazaxıstan cəlb olunan maliyyə həcminə görə ikinci yerdədir. Ölkədə 74 layihə həyata keçirilir (onlardan 57-si başa çatıb, 17-si davam edir), ümumi maliyyə dəstəyi isə 1,656 milyard ABŞ dolları səviyyəsindədir. Digər ölkələrlə müqayisədə layihələrin sayı az olsa da, hər bir layihə yüksək maliyyə tutumuna malikdir.
Türkmənistan isə 1,387 milyard ABŞ dolları məbləğində maliyyə ayrılmış 33 layihə ilə növbəti yerdə qərarlaşıb. Onlardan 17-si başa çatıb, 16-sı isə icra olunmaqda davam edir.
Tamamlanmış və aktiv layihələr arasında nisbi bərabər bölgü ölkə ilə İİB arasında tərəfdaşlığın sabit olmasına işarə edir.
105 layihə ilə seçilən Tacikistan da təşəbbüslərin sayına görə aparıcı ölkələrdən biridir. Bu layihələrdən 72-si tamamlanıb, 33-ü isə icra mərhələsindədir. İİB tərəfindən Tacikistana ayrılan ümumi maliyyə dəstəyi 825 milyon ABŞ dolları təşkil edir ki, bu da sabit, lakin orta səviyyəli dəstəyə işarədir.
Qırğızıstan isə 82 layihənin gerçəkləşdirilməsi üçün dəstək alıb. Onlardan 63-ü tamamlanıb, 19-u isə davam edir. Ayrılmış maliyyə vəsaiti 554 milyon ABŞ dolları olub – bu, region üzrə ən aşağı göstəricidir. Lakin tamamlanmış layihələrin sayı İİB ilə səmərəli əməkdaşlıqdan xəbər verir.
Ümumilikdə Mərkəzi Asiya ölkələri 462 layihə üzrə dəstək alıb – onlardan 282-si tamamlanıb, 180-i isə icra mərhələsindədir. Bu layihələrin ümumi məbləği 8,396 milyard ABŞ dollarına bərabərdir. Göstəricilər Mərkəzi Asiyanın İİB-in portfelində artan əhəmiyyətini və regionun davamlı inkişaf və regional inteqrasiyada strateji rolunu vurğulayır.