Bakı. Trend:
“2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiya”sına uyğun olaraq, kapital bazarları iştirakçılarının dayanıqlı fəaliyyətinin təmin edilməsi, həmçinin beynəlxalq tənzimləmə standartlarına uyğunluq səviyyəsinin artırılması məqsədilə Mərkəzi Bankın İdarə Heyətinin 1 aprel 2026-ci il tarixli qərarı ilə “İnvestisiya şirkətinin davamlı kapital tələbləri Qaydası”na dəyişiklik edilib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Dəyişikliklər investisiya şirkətlərinin təsnifləşdirilməsini,
onların kateqoriyalarının dəyişməsi hallarının tənzimlənməsini,
kapital tələblərinin hesablanmasında yeni yanaşmanın tətbiqini,
habelə likvid aktivlərə və leverec əmsalına dair yeni tələbləri
ehtiva edir.
Kapital tələblərinin hesablanmasında yeni yanaşma investisiya
şirkətlərinin ticarət kitabının həcmi ilə yanaşı, investisiya
xidmətlərinin göstərilməsindəki aktivliyini də nəzərə alaraq
onların fəaliyyətinin daha mütənasib tənzimlənməsinə şərait
yaradacaqdır.
İnvestisiya şirkətlərinin likvid aktivlərinə dair yeni tələblər və
leverec əmsalının minimum həddinin müəyyən olunması kapital
bazarında vasitəçilik fəaliyyəti həyata keçirən iştirakçıların
dayanıqlı inkişafına xidmət edir.
İnvestisiya şirkətlərinin yeni requlyativ mühitə uyğunlaşması üçün
6 ay müddət müəyyən edilib. Bu müddət ərzində hər bir investisiya
şirkəti öz kateqoriyasını müəyyən etməli, bununla bağlı Mərkəzi
Banka məlumat verməli və fəaliyyətini yeni Qaydaya
uyğunlaşdırmalıdır.
Qeyd edək ki, Mərkəzi Bank tərəfindən Azərbaycan Kapital Bazarları
Assosiasiyasında (AKBA) təqdimat təşkil olunaraq Qaydalara
təsdiqlənmiş yeni dəyişikliklər ətrafında müzakirələr aparılıb və
sektor nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
“İnvestisiya şirkətinin davamlı kapital tələbləri Qaydası”na
dəyişiklikləri bu linkdən nəzərdən keçirmək mümkündür:
https://e-qanun.az/framework/61682
