...

AYİB Azərbaycanda bankların konsolidasiyası prosesini dəstəkləməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2010 20:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir N.İsmayılova/

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın bank sektorunda konsolidasiya prosesini dəstəkləməyə hazırdır. Bunu çərşənbə axşamı Bakıda səfərdə olan AYİB prezidenti Tomas Mirou deyib.

"Lakin hər şey konsolidasiya prosesinin forma və şərtlərindən asılı olacaq, odur ki, hər banka fərdi yanaşmaq lazımdır", - Mirou deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın bank sisteminin ən aktual problemləri aktivlərin keyfiyyəti və kredit portfelinin qiymətləndirilməsi ilə bağlıdır.

"Ölkənin bank sistemində təkrar strukturlaşdırmanın və konsolidasiyanın başlanması bu məsələnin həlli ola bilər", - AYİB prezidenti vurğulayıb.

Azərbaycan Mərkəzi Bankı bank sisteminin konsolidasiyası və optimallaşdırılması üzrə strategiyanın hazırlanmasına başlandığını bəyan edib. Onun reallaşması nəticəsində bankların hazırkı 46 bank təşkilatından 20 banka kimi azaldılması gözlənilir. Bundan əvvəl AMB İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyevin verdiyi məlumata görə, bankların üç yolu olacaq: aktivlər və hesablaşmalar üzrə sistem yaratmayan banklar sağlam aktivlərin bir iri banka köçürülməsi yolu ilə ya birləşməli, ya da bank olmayan kredit təşkilatlarına transformasiya etməlidirlər, zəif banklar isə ləğv ediləcək.

Bankların konsolidasyası uzun prosesdir və Mərkəzi Bank buna 1995-ci ildə başlayıb. O vaxtdan ölkədə bankların sayı beş dəfə azalıb. "Bankların konsolidasiyası sistemi uzunmüddətli və konservativdir və burada hər hansı inzibati resursdan məcburi istifadə qəbuledilməzdir", - bu yaxınlarda AMB rəhbəri Elman Rüstəmov bildirib.

Xəbər lenti

Xəbər lenti