...

Azərbaycanda bədbəxt hadisələrdən məcburi sığortalanma tikintinin maya dəyərinin artmasına səbəb ola bilər - ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2010 15:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanda "Peşə xəstəlikləri və istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətinin itirlilməsi hallarından icbari sığorta haqqında" qanunun tətbiqi ölkədə mənzillərin maya dəyərinin artmasına gətirib çıxaracaq. Bu barədə cümə axşamı "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.

"Qiymət artımı cüzi olacaq, lakin tikinti şirkətləri sığorta xərclərini ödəmək, eləcə də texnilki təhlikəsizlik vasitələrinin alınması üçün qiymətlərin bir qədər artırılmasına yol verə bilərlər", - İbrahimov deyib.

Onun sözlərinə görə, əgər hazırda Bakıda mənzillərin bir kvadratmetrinin qiyməti orta hesabla 550-560 manat təşkil edirsə, o zaman bu qiymət hər kvadratmetrə görə maksimum 10 manat bahalaşacaq.

Məcburi sığortanın tətbiqi şübhəsiz ki, ölkənin tikinti sektorunda peşəkarlıq keyfiyyətinin artmasına gətirib çıxaracaq. Çünki sığorta müqavilələrinin əsas şərti texniki təhlükəsizlik normalarının mövcudluğu və onlara riayət olunmasıdır. İbrahimovun sözlərinə görə, öz növbəsində sığorta şirkətləri sığorta müqavilələri çərçivəsində texniki təhlükəsizlik normalarına əməl olunmasına müntəzəm nəzarət edə biləcəklər.

Bu günlərdə Azərbaycan Parlamenti "Peşə xəstəlikləri və istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanun layihəsini üçüncü oxunuşda nəzərdən keçirməyi planlaşdırır. Həmin qanun layihəsinə görə, sığortaçı həyat sığortası, eləcə də peşə xəstəlikləri və istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətinin itirilməsi zamanı sığorta üzrə xidmətlər göstərmək üzrə lisenziyaya malik olmalıdır.

Qanun, həmçinin əmək fəaliyyətinə cəlb edilmiş məhbuslara, istehsalat təcrübəsi keçən tələbə və şagirdlərə, müəssisələrdə işə cəlb edilmiş hərbi qulluqçulara, fərdi sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə, fövqəladə hallar şəraitində işə cəlb edilmiş hərbçilərə və şəxslərə də şamil ediləcək. Sənəd əcnəbilərə və Azərbaycan vətəndaşlığı olmayan şəxslərə də şamil ediləcək.

Sığorta halları qanunvericiliklə müəyyən olunmuş istehsalatda bədbəxt hadisələr haqqında akt və ya məhkəmənin qərarı əsasında müəyyən olunacaq.

Sığorta edilən sığortaçını seçmək hüququna malikdir, lakin qanunvericilikdə göstərilən hallar istisna olmaqla, icbari sığorta haqqında müqaviləni imzalamaqdan imtina edə bilməz. Bədbəxt hadisələrdən icbari sığortalanmaq haqqında müqavilə müddətsiz olaraq bağlanılır.

Maksimum sığora tarifləri əməkhaqqı fondunun iki faizi həcmində müəyyən edilir. Müxtəlif sektorlar üzrə tariflər diferensiallaşdırılacaq. Ehtimallara görə, iqtisadi fəaliyyətin bütün sahələri risk dərəcəsindən asılı olaraq üç-dörd qrupa bölünəcək. Layihəyə görə, ayrı-ayrı sektorlar üzrə sığorta tarifləri icra hakimiyyətinin müvafiq orqanları tərəfindən illik nəzərdən keçirilə bilər. Bununla yanaşı, növbəti il üçün tariflər cari ilin dekabr ayının 1-dək təsdiqlənməlidir.

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyinin məlumatına görə, 2009-cu ildə istehsalatda 250 bədbəxt hadisə baş verib. Onlardan 65-i inşaat sektorunda baş verib. Bədbəxt hadisələr nəticəsində 69 nəfər həlak olub ki, onlardan 32 nəfəri tikinti sektorunda çalışıb. Bu dövrdə 218 nəfər, eləcə də tikinti sektorunda 48 nəfər müxtəlif ağırdərəcəli zədələr alıb.

Azərbaycanda 28 sığorta və bir təkrar sığorta şirkəti fəaliyyət göstərir.

Mayın 6-na olan rəsmi məzənnə 0,8035 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti