Azərbaycan, Bakı, 11 fevral/Trend, müxbir N.İsmayılova/
Cümə günü Azərbaycan Mərkəzi Bankı (AMB) Azərbaycan Banklar Asossiasiyasının və Azərbaycan Sahibkarlar Konfederasiyasının, bank sektorunun və biznes icmasının nümayəndələrinin iştirakı ilə aktual problemlərin müzakirəsi məqsədilə geniş müşavirə keçirib. Trend-in məlumatına görə, bu barədə bankın cümə günü yaydığı məlumatda deyilir.
AMB sədri Elman Rüstəmovun sözlərinə görə, bank sektorunun əsas göstəriciləri son on ildə 15 dəfə artıb.
"Hazırda cəmiyyətin böyük bir hissəsi, yəni 4 milyona yaxın insan bank-maliyyə xidmətləri ilə əhatə olunub", - Rüstəmov qeyd edib.
Görüş çərçivəsində sahibkarlığın və əhalinin maliyyə xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi məqsədilə banklar tərəfindən təklif edilən kredit məhsulları üzrə faizlərin, o cümlədən digər bank xidmətləri üzrə tariflərin bir daha nəzərdən keçirilməsi məsələsinə toxunulub. Biznesin rentabellik səviyyəsinin və rəqabət qabiliyyətinin artırılması üçün maliyyə resurslarının dəyərinin əhəmiyyəti qeyd edildi. Əhalinin, sosial baxımdan aztəminatlı kateqoriyadan olan insanların maliyyə və xüsusilə, sosial ödənişlər üzrə xidmətləri daha ucuz əldə etmələri yolları müzakirə edilib.
Görüşdə bank məhsulları və xidmətlərinin maya dəyərinin azaldılması məsələsinə diqqət yetirilib. Məlumatda deyildiyinə görə, indi girovların realizasiyası, bunun üçün tələb olunan müddət və xərclər məsələsi, bu sahədə görülən işlər və girov mexanizminin təkmilləşdirilməsi üzrə təkliflər hazırlanır.
Bank əməkdaşlarının etik davranış səviyyələri artırılmalı, müştərilərlə rəftarda yüksək korporativ mədəniyyət nümayiş etdirilməlidir. Bank sektoru tərəfindən xidmətlər daha müasir texnologiyalar əsasında həyata keçirilməli, avtomatlaşdırma səviyyəsi artırılmalı, müştərilərlə fiziki təmas minimallaşmalıdır. Banklar öz məhsul və xidmətlərinin çeşidini artırmalı, geniş əhali kütləsinin və müxtəlif iqtisadi fəaliyyət sektorlarının tələbatlarını ödəyən məhsullar təklif etməlidirlər. Görüşdə ərzaq təhlükəsizliyinin etibarlı qorunması baxımından aqrar sektor və fermer təsərrüfatlarının effektiv maliyyələşməsi mexanizmləri barədə müzakirələr aparılıb. Bu məsələdə bankların regional şəbəkəsinin daha aktiv fəaliyyət göstərməsi və müvafiq maliyyə innovasiyaları cəlb edilməsi lazımdır.
Məlumatda deyildiyinə görə, banklar sosial məsuliyyətlərini artırmalı, biznes icmasında və cəmiyyətdə maliyyə mədəniyyətinin və şəffaflığının yüksəldilməsinə çalışmalıdırlar.
Qarşıya qoyulan mühüm vəzifələrdən biri də iqtisadiyyatda nağdsız ödənişlərin genişləndirilməsidir. Mərkəzi Bank, banklar və aidiyyatı iqtisadi qurumlar birlikdə iqtisadi subyektlərin yaradılmış ödəniş infrastukturundan aktiv istifadə etmələri üçün fəal iş aparmalıdırlar. Bu, büdcənin vergi bazasını genişləndirəcək, eyni zamanda bank sektorunun yığım və investisiya potensialı əhəmiyyətli artıracaq. Əhali isə ödənişləri rahat və təhlükəsiz xidmət vasitəsi ilə həyata keçirəcəkdir. Banklar nağdsız ödənişlər üzrə stimullaşdırıcı fəaliyyətə başlamalı, əqdlərin daha sərfəli qiymətlə aparılmasına çalışmalı, müştərilərə təklif edilən texnoloji infrastrutkuru daha da genişləndirməli və təkmilləşdirməlidirlər.
Təhlil göstərir ki, ipoteka kreditlərinə böyük tələbat var və bu mexanizm genişlənməlidir. Bunun üçün daxili bazarın maliyyə imkanlarından istifadə edilməlidir. Kreditlərin verilməsi zamanı vətəndaşların müraciətlərinə vaxtında baxılmalı, izafi bürokratiya aradan qaldırılmalıdır. Kreditlərin verilməsi prosesində vaxt və çəkilən xərclər minimallaşdırılmalıdır.
Görüşün yekunları üzrə müzakirə edilən məsələlər üzrə müvafiq işçi qrupların yaradılması qərara alınıb. Bu məsələlər öyrəniləcək və tədbirlər planı hazırlanacaq.