Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir N.İsmayılova/
Azərbaycan Maliyyə Nazirliyi hesab etmir ki, ölkədə büdcə xərclərinin və əməkhaqlarının artırılması inflyasiyanı birrəqəmli səviyyədə saxlamağa mane olacaq. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə maliyyə nazirinin müavini Azər Bayramov bildirib.
"İlkin proqnozlara görə, bütün sahələrdə əməkhaqlarının artırılacağı gözlənilir. Təbii ki, dövlət büdcəsi xərclərinin artımı və ölkə əhalisinin əməkhaqlarının artırılması inflyasiyanın səviyyəsinə təsir edəcək", - Bayramov bildirib.
Onun sözlərinə görə, indi əsas məqsəd bu təsirin minimuma endirilməsidir.
"Hesab etmirəm ki, inflyasiyanın səviyyəsi proqnozlaşdırılandan kəskin fərqlənəcək. O birrəqəmli səviyyədə qalacaq", - Bayramov bildirib.
Azərbaycan Mərkəzi Bankı illik inflyasiyanı 7-8 faiz səviyyəsində saxlamağı proqnozlaşdırır.
2011-ci ilin aprel ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri mart ayı ilə müqayisədə 0,3 faiz azalıb, yanvar-apreldə isə ötən ilin analoji dövrü ilə müqayisədə inflyasiya 9 faiz təşkil edib.
2010-cu ilin yanvar-aprel ayları ilə müqayisədə ərzaq malları 3,1 faiz, qeyri-ərzaq malları 2,8 faiz, xidmətlər isə 3,7 faiz bahalaşıb.
"2011-ci il üzrə Azərbaycanın dövlət büdcəsi haqqında" qanuna düzəliş və əlavələr çərçivəsində büdcənni gəlir hissəsi 3493,2 milyon manat artacaq. Bu da büdcə gəlirlərinin 29 faiz - 15554,2 milyon manatadək artacağı deməkdir.
Dövlət büdcəsinin xərcləri 15941,2 milyon manat səviyyəsində proqnozlaşdırılır. Bu da 2011-ci il üzrə proqnozlaşdırılan göstəricidən 25 faiz yaxud 3193,2 milyon manat çoxdur.
İyunun 2-nə rəsmi məzənnə 0,7893 AZN/USD təşkil edir.