...

Azərbaycanda sığortaçıların aktuar rəy təqdim etməsi məcburi ola bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2011 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanda sığorta şirkətləri tərəfindən aktuar rəyin təqdim olunması məcburi ola bilər. Bu barədə Trend-ə çərşənbə axşamı Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) şöbə müdiri Tofiq Məmtiyev deyib.

"Hazırda Xidmət "Sığorta fəaliyyəti haqqında" qanuna aktuar iş üzrə dəyişikliklər edilməsi təklifi üzərində işləyir. Dəyişikliklərdən biri sığorta şirkətlərindən auditor rəyi ilə yanaşı, aktuar rəyin alınmasını da tələb edir", - Məmtiyev bildirib.

Onun sözlərinə görə, qanuna aktuar işlə əlaqədar bütöv bir fəslin daxil edilməsi təklif olunacaq.

"Beynəlxalq təcrübədə aktuarlar qarşısında bizdəkindən daha yüksək tələblər qoyulur. Yeni dəyişikliklər aktuarlara olan tələbləri, onlara şəhadətnamələrin verilmə təlimatının dəqiqləşdirilməsi və bir sıra digər məsələləri nəzərdə tutur", - DSNX əməkdaşı bildirib.

Onun sözlərinə görə, son illər aktuar iş ölkədə güclü inkişaf edib.

"Əvvəllər şirkətlər bu sahədə mütəxəssis tapa bilmirdilərsə, hazırda tam aktuar departamentləri fəaliyyət göstərir ki, buralarda iki-üç nəfər işləyir", - o deyib.

Azərbaycan Sığortaçılar Assosiasiyanın icraçı direktoru Azər Əliyev də oxşar fikirdədir.

Bundan əvvəl Əliyev Trend-ə bildirmişdi ki, son üç il ərzində Azərbaycanda aktuar işin səviyyəsi çox yüksəlib. Əvvəllər bütün bazarda aktuarları barmaqla saymaq mümkün idisə, indi hər bir şirkət öz nəzdində peşəkar, təlimli və şəhadətnaməli aktuarın olması ilə qürrələnə bilər. Böyük şirkətlərdə isə onlardan bir neçə nəfər var.

Onun sözlərinə görə, aktuarların səviyyəsini artırmaq üçün işin davam etdirilməsi lazımdır.

"Biz əldə olunmuş nəticələrlə qane olmamalıyıq. Aktuarlarımızın təlimini davam etdirməli, təlimlər təşkil etməli, sığorta işinin bu istiqamətini təbliğ etməliyik. Axı, sığorta şirkətinin bütün gələcək fəaliyyəti məhz aktuar tərəfindən təhlil olunmuş məlumatlar əsasında qurulur", - Əliyev deyib.

Hazırda ölkədə 27 sığorta şirkəti və bir təkrar sığorta şirkəti fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti