...

Vergi Apelyasiya Şurasının iclası keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2011 17:30 (UTC +04:00)
Vergi Apelyasiya Şurasının çərşənbə axşamı keçirilən iclasında iki şikayətə baxılıb.
Vergi Apelyasiya Şurasının iclası keçirilib

Azərbaycan, Bakı, 6 dekabr /Trend/

Vergi Apelyasiya Şurasının çərşənbə axşamı keçirilən iclasında iki şikayətə baxılıb.

Vergilər Nazirliyindən Trend-ə verilən məlumata görə, Vergi Apelyasiya Şurası 2 dekabr 2011-ci il tarixdə vergi ödəyicisi kimi Bakı şəhəri Vergilər Departamentində qeydiyyatda olan fərdi sahibkar Məmmədov İlham Şahin oğlunun operativ vergi nəzarəti tədbirlərinin nəticələrindən və vergi orqanı əməkdaşlarının hərəkətlərindən şikayətinə baxıb. Şikayətdə Məmmədov 23 may 2011-ci il tarixdə Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin əməkdaşları tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbirinin nəticələrindən narazı olduğunu qeyd edərək müvafiq tədbirlər görülməsini xahiş edib.

Araşdırma zamanı məlum olub ki, Məmmədova məxsus, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 23/1 ünvanda yerləşən "İlkin" mağazasında Departamentin əməkdaşları tərəfindən operativ vergi nəzarəti aparılarkən müştəri tərəfindən alınmış mala görə ödənilmiş nağd pul vəsaiti NKA-ya vurulmayıb və alıcıya kassa çeki verilməyib. Aşkar olunmuş qanun pozuntusuna görə Məmmədova 1.200 manat məbləğində maliyyə sanksiyasının tətbiq ediləcəyi bildirilib, qərar aktla rəsmiləşdirilib. Lakin fərdi sahibkarın nümayəndəsi aktı imzalamaqdan və surətini almaqdan imtina etdiyi üçün sənədin nüsxəsi sifarişli poçtla vergi ödəyicisinin qeydiyyat ünvanına göndərilib.

İlham Məmmədov və onun səlahiyyətli nümayəndəsi Süleyman Hacıyevə izah edilib ki, Vergi Məcəlləsinin 58.7.3-cü maddəsinə əsasən nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni alıcıya təqdim olunmalı çekin verilməməsinə görə il ərzində belə hallara üçüncü dəfə yol verildiyi üçün fərdi sahibkara 1.200 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib. Qanun pozuntusu faktı haqqında Vergilər Nazirliyinə izahat vermiş müştəri Arzu Mərdanova qeyd edib ki, 23 may 2011-ci il tarixdə "İlkin" mağazasında bazarlıq edərkən ona alınmış mala görə kassa çeki verilməyib, mağazadan çıxarkən 2 nəfər şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib və vergi orqanı əməkdaşları olduqlarını bildirib.

Apelyasiya Şurası operativ vergi nəzarəti tədbirləri zamanı vergi orqanı əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilmədiyini, maliyyə sanksiyalarının düzgün tətbiq olunduğunu, vergi ödəyicisi tərəfindən nağd hesablaşmalara görə çekin təqdim edilmədiyi barədə müştəri Arzu Mərdanovanın izahatını nəzərə alaraq Vergi Auditi Departamentinin "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" və Vergilər Nazirliyinin "İnzibati şikayətin təmin edilməməsi haqqında" qərarlarını qüvvədə saxlayıb.

Apelyasiya Şurası vergi ödəyicisi kimi Bakı şəhəri Vergilər Departamentində qeydiyyatda olan fiziki şəxs Hacıyev İlqar İsmayıl oğlunun kameral vergi yoxlamasının nəticələrinin ləğv edilməsi barədə təkrar şikayətinə də baxıb. Şikayətçi müraciətində kameral vergi yoxlaması nəticəsində tərtib olunmuş bildirişdə qeyd edilən və əlavə hesablamaya səbəb olan halın dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsində aradan qaldırıldığını, gəlir vergisi ilə ƏDV bəyannamələri arasında uyğunsuzluğun olmadığını, hər iki sənəddə mal təqdim olunmasından 496 min 140 manat gəlir əldə edilməsinin əksini tapdığını qeyd edərək, kameral vergi yoxlamasının nəticələrinin və onun əsasında qəbul edilmiş məsuliyyət qərarının ləğv olunmasını xahiş edib.

Araşdırma nəticəsində müəyyən olunub ki, vergi ödəyicisində aparılmış səyyar vergi yoxlaması nəticəsində tərtib edilmiş aktda bir sıra nöqsanlara yol verilib. Belə ki, kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləği düzgün hesablanmayıb, səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisinin xərcləri barədə təsdiqedici sənədlər, xərclərin artırılaraq vergiyə cəlb olunan gəlirin azaldılması haqqında məlumatlar, ümumiyyətlə, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2010-cu il üçün gəlir vergisi üzrə cari və dəqiqləşdirilmiş bəyannamələr ətraflı araşdırılmayıb. Vergi ödəyicisi tərəfindən gəlir vergisi bəyannaməsinin dəqiqləşdirilmiş hesabatında gəlir və xərc maddələrinin artırılaraq mövcud uyğunsuzluqların aradan qaldırılmasına baxmayaraq, bu hal kameral və səyyar vergi yoxlamalarının nəticələri əsasında qərar qəbul edilərkən nəzərə alınmayıb.

Vergi Apelyasiya Şurası İlqar Hacıyevin şikayətini təmin edib, kameral vergi yoxlamasının nəticələrinin ləğv edilməsi və Vergi Auditi Departamentinin 23 avqust 2011-ci il tarixli, "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarının ləğv edilərək səyyar vergi yoxlamasının nəticələri barədə yeni qərarın qəbul edilməsi haqqında qərar çıxarıb.

Xəbər lenti

Xəbər lenti