...

Azərbaycana Rusiya regionlarından nümayəndə heyətlərinin səfəri gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2012 17:25 (UTC +04:00)
Yaxın müddətdə Rusiyanın Şimali Osetiya-Alaniya, İnquşetiya, Qaraçay-Çərkəz respublikaları və Stavropol diyarından nümayəndə heyətlərinin Azərbaycana səfəri gözlənilir.
Azərbaycana Rusiya regionlarından nümayəndə heyətlərinin səfəri gözlənilir

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir Ə.Həsənov/

Yaxın müddətdə Rusiyanın Şimali Osetiya-Alaniya, İnquşetiya, Qaraçay-Çərkəz respublikaları və Stavropol diyarından nümayəndə heyətlərinin Azərbaycana səfəri gözlənilir. Trend-in məlumatına görə, bunu cümə axşamı Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Bakıda keçirilən "Rusiya-Azərbaycan dialoqu-2012" üçüncü Rusiya-Azərbaycan regionlararası forumunda bildirib.

"Regional müstəvidə iqtisadi və işgüzar əlaqələrin canlandırılması məqsədilə, mənim başçılığım ilə Azərbaycan nümayəndə heyəti 2011-ci ilin 25-30 noyabr tarixlərində Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarına, əsasən də Dağıstan, Çeçenistan, İnquşetiya, Şimali Osetiya-Alaniya, Kabardin-Balkar, Qaraçay-Çərkəz respublikalarına və Stavropol diyarına səfər edib. Səfər çərçivəsində Mahaçqala şəhərində Şimali Qafqaz Federal Dairəsi üzrə fəaliyyət göstərən iş adamlarının iştirakı ilə biznes forum keçirilib, həmçinin Azərbaycan nümayəndə heyəti regionun investisiya imkanları, eləcə də bir çox müəssisələri ilə tanış olub", - Mustafayev qeyd edib.

Onun sözlərinə görə, mövcud səfərlər qarşılıqlı xarakter daşıyır.

"Tatarıstan, Həştərxan, Stavropol və Kurqan vilayətlərinin, Krasnodar diyarının, Çeçenistan, Dağıstan və Kabardin-Balkar respublikalarının yüksək səlahiyyətli nümayəndələri Azərbaycana səfər ediblər, bu səfərlər çərçivəsində Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlərlə tanışlıq olub, işgüzar dairələrin nümayəndələrinin iştirakı ilə biznes forumlar təşkil olunub, habelə regional iqtisadi əlaqələrin inkişafı istiqamətində məhsuldar müzakirələr aparılıb", - nazir qeyd edib.

Onun sözlərinə görə, bütün bu sadalanan tədbirlər, qarşılıqlı səfərlər regionda səmərəli iqtisadi münasibətlərin yaranmasına öz töhfəsini verib, bu isə öz növbəsində, qarşılıqlı konkret investisiya layihələrinin həyata keçirilməsi üçün zəmin yaradıb.

Xəbər lenti

Xəbər lenti