Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir C.Nəsibova/
2012-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin mədaxil hissəsinə faktiki daxilolmalar ötən ilin analoji dövrü ilə müqayisədə 39,4 faiz artaraq 12 521 milyon manat təşkil edib. Bu barədə Trend-ə Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Dövlət büdcəsinin xərcləri 11074,3 milyon manat təşkil edib. 2012-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcənin profisiti 1446,7 milyon manat səviyyəsində olub.
Daxilolmalar strukturunda 4554,5 milyon manat Vergilər Nazirliyinin hesabına təmin edilib. Gömrük rüsumları və vergilərindən 880,8 milyon manat daxil olub, digər mənbələrin hesabına gələn gəlir isə 7 085,7 milyon manat təşkil edib.
2011-ci ilin analoji dövrü ilə müqayisədə əhalinin sosial müdafiəsi və təminatına dövlət büdcəsindən yanvar-sentyabr aylarında 18,5 faiz (206 milyon manat), təhsilə 1,5 faiz (12,7 milyon manat), səhiyyəyə 17,1 faiz (55,4 milyon manat), prokurorluq, təhlükəsizlik, hüquq-mühafizə orqanlarının, məhkəmə hakimiyyətinin saxlanılmasına 28,7 faiz çox (130,6 milyon manat) xərclənib.
Ötən ilin analoji dövrünə nisbətən qoyulan kapitalın ümumi həcmindən mənzil-kommunal xərclərə 30,6 faiz (47,8 milyon manat), kənd, meşə təsərrüfatı və balıqçılığa 14,7 faiz (46,2 milyon manat), nəqliyyat və rabitəyə isə 22,5 faiz çox (8,9 milyon manat) vəsait ayrılıb.