Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir Zülfiyyə Qurbanova/
Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları Azərbaycan Mərkəzi Bankından (AMB) istehlak krediti məhsullarının reklamının dayandırılması barədə göstəriş alıblar. Bunu Trend-ə Azərbaycanın bank bazarındakı yüksəkvəzifəli mənbə deyib.
Onun sözlərinə görə, ötən həftə banka müvafiq tələblə zəng daxil olub və hazırda bank kiçik və orta biznesin kreditləşməsi sahəsində reklama diqqət ayırmaq niyyətindədir.
Mənbə qeyd edib ki, AMB-nin göstərişi əhəmiyyətli problemlərin yaranmasına gətirib çıxarmayacaq, çünki bankın artıq kifayət qədər müştəri bazası var: "Bazardakı yeni oyunçulara isə çox çətin olacaq".
Azərbaycanın digər bankının nümayəndəsi bildirib ki, qadağa haqqında məlumatla tanışdır. Lakin o, təfərrüatlar barədə məlumat verməkdən imtina edib.
Öz növbəsində, Azərbaycanın iri riteyl banklarından birinin mətbuat xidməti AMB tərəfindən belə göstərişin olduğunu qəti təkzib edib.
Tənzimləyicinin bu qərarı Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında ölkədəki kommersiya banklarının real sektoru daha fəal kreditləşdirməli və istehlak kreditlərinin verilməsi ilə kifayətlənməyərək iqtisadi inkişafı dəstəkləməli olduqları barədə iradlarına reaksiyadır.