Bakı. Trend:
Türkiyədə maliyyə sektorunda rəqəmsallaşma prosesi uzunmüddətli planlar və güclü tənzimləyici mexanizmlərlə dəstəklənir.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Bank Nəzarəti və Tənzimlənməsi İdarəsinin sədr müavini Mustafa Aydın VIII Beynəlxalq Bankçılıq Forumu çərçivəsində bildirib.
“Türkiyənin bank tənzimləyicisi – Bank Nəzarəti və Tənzimlənməsi Agentliyi təkcə nəzarət orqanı funksiyasını yerinə yetirmir, həm də innovasiyaların təşviqçisi rolunu oynayır. Rəqəmsallaşma prosesində agentlik bankların müştərilərə çıxışını asanlaşdıran və təhlükəsizlik standartlarını artıran mühüm addımlar atıb. Biz daha əvvəl bank informasiya sistemləri və elektron bankçılıq xidmətlərinə dair qərar qəbul etmişik. Bu qərar çoxfaktorlu autentifikasiya, bulud texnologiyaları, açıq bankçılıq və məsafədən müştəri cəlb edilməsi kimi sahələrdə sektora yeni perspektivlər açıb. Eyni zamanda, bu qərar elektron bank xidmətləri kanalları üçün beynəlxalq təhlükəsizlik və xidmət standartlarını müəyyən edərək təkcə bank sektoruna deyil, bütövlükdə maliyyə ekosisteminə fayda gətirib və ölkəmizdə maliyyə texnologiyalarının inkişafını stimullaşdırıb.
2021-ci ilin mart ayında biz müştərilərin məsafədən identifikasiyası və elektron formatda müqavilələrin bağlanması üsulları ilə bağlı qərar qəbul etdik. Bu qərar bankların müştəri cəlbini tamamilə rəqəmsal müstəviyə keçirməsinə imkan yaratdı”, - deyə o bildirib.
Onun sözlərinə görə, fiziki şəxslər üçün məsafədən müştəri xidməti uğurla tətbiq edildikdən sonra Türkiyə sektorda mövcud tələbləri nəzərə alaraq hüquqi şəxslər üçün də məsafədən xidmət imkanlarını təmin edən qərarda dəyişikliklər edib.
“Rəqəmsallaşma dövründə dəyişən istehlakçı vərdişlərini və maliyyə əlçatanlığını artırmaq məqsədini nəzərə alaraq, 2021-ci ilin sonunda biz rəqəmsal banklar və xidmət bankçılığı modelinə dair qərar qəbul etdik. Bu qərar qlobal səviyyədə fəaliyyət göstərə biləcək rəqəmsal bankların yaradılması üçün əsas oldu. Hazırda Bank Nəzarəti və Tənzimlənməsi Agentliyi altı rəqəmsal bank üçün lisenziya verib ki, onlardan beşi artıq fəaliyyət icazəsi alıb. Bu addımlar Türkiyə bank sektorunu gücləndirməklə yanaşı, regionun digər ölkələri üçün də nümunə olub”, - deyə M.Aydın əlavə edib.