...

Xəzərdə qəzaya uğrayan vertolyotun çıxarılması üçün xüsusi qurğu tətbiq ediləcək - ARDNŞ

Energetika Materials 14 İyul 2009 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul / Trend /

ARDNŞ (Azərbaycan Dövlət Neft Şirkəti) iyulun 12-də dəniz yataqlarından birində qəzaya uğramış vertolyotun qırıqlarının qaldırılması üçün suyun dərinliyinə düşmək üçün xüsusi barokamera quraşdırılmış "Əli Əmirov" gəmisindən istifadə edir. Bu barədə ARDNŞ-dan verilən məlumatda deyilir.  

Məlumatda qeyd olunduğu kimi, hazırda ARDNŞ-ın gəmiləri, vertolyotları və dalğıcları, Fövqəladə Hallar Nazirliyi və AZAL QSC (qəzaya uğrayan vertolyot ona məxsus olub) qəza nəticəsində itkin düşən iki neftçinin axtarışını davam etdirir.

Qəzaya uğrayan vertolyot suyun 90-95 metr dərinliyində yerləşir. Onun qaldırılması üçün böyük dərinliklərdə işləmək üçün xüsusi hazırlıqlı dalğıclar cəlb olunacaq.

İyulun 12-də, təxminən 16.30-da Cilov adasının 4-cü blokundan havaya qalxan AZAL QSC-yə məxsus vertolyot dənizə düşüb. Bortda üç ekipaj üzvü və üç sərnişin olub.

Komandir Alik Əliyev, 2-ci pilot Vitali Nekrasov, bortmexanik Adil Əzimov və ARDNŞ-ın "28 May" neftqazçıxartma idarəsinin kompressor sexinin dizelçisi Aydın Talıbov xilas olunublar. ARDNŞ-ın itkin düşmüş iki əməkdaşının axtarışı davam edir.  

Baş Prokurorluğun ağır cinayətlərə dair istintaq idarəsi tərəfindən faktla bağlı  Azərbaycan Respublikası CM-nin "Hava hərəkəti təhlükəsizliyi və istismar qaydalarının pozulması" maddəsi ilə cinayət işi açılıb.

Hazırda qəzanın səbəbləri araşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti