...

ARDNŞ İrana qaz ixracı üçün yeni qaz-kompressor stansiyası inşa edəcək

Energetika Materials 29 Mart 2010 17:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart / Trend /

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Astara şəhərində (Bakıdan 300 kilometr cənubda) yeni qaz-kompressor stansiyasının inşası üçün lazımi avadanlıqların seçilməsinə başlayıb. Bu barədə bazar ertəsi şirkətin yayılan məlumatında deyilir.

"Yeni stansiyanın inşası çərçivəsində layihə tapşırığı artıq hazırlanıb", - məlumatda deyilir.

Yeni stansiyanın inşası Azərbaycanın Naxçıvan Muxtar Respublikası üçün svop əməliyyatları əsasında İrana qaz nəqli ilə yanaşı, beş milyon kub metr həcmində Azərbaycan qazının İrana sutkalıq ixracının təmin edilməsi üçün lazımdır.

Hazırda Astarada 2005-ci ildə inşa edilən sutkada 2,2 milyon kubmetr gücə malik kompressor stansiyası fəaliyyət göstərir. Yeni stansiyanın gücü sutkada beş milyon kubmetr təşkil edəcək.

Azərbaycan və İranı uzunluğu 1474,5 km olan "Qazıməhəmməd-Astara-Bind-Biand" qaz kəməri birləşdirir. Qaz kəmərinin Azərbaycan ərazisindəki hissəsinin uzunluğu 296,5 kilometrdir. Onun buraxılış gücü ildə 10 mlrd. kubmetrdir. Bu marşrut 1971-ci ildə istismara verilən "Qazax-Astara-İran" boru kəmərinin qoludur. Onun üzərində Qazıməhəmməd, Ağdaş və Qazaxda üç kompressor stansiyası tikilib. Qaz nəqliyyatı sistemi 55 atmosfer təzyiqinə hesablanıb. Boru kəmərinin diametri 1200 mm-dir.

ARDNŞ və NIGEC (İran Milli Qaz İxracı Şirkəti) yanvarın birinci yarısında Bakıda Azərbaycan qazının İrana tədarükünə dair qısamüddətli müqavilə imzalayıblar. Ölkələr arasında uzunmüddətli müqavilənin imzalanması bu ilin payızında gözlənilir.

Xəbər lenti

Xəbər lenti