...

İlham Əliyev: “Azərbaycan Avropanın enerji təhlükəsizliyində artıq əhəmiyyətli rol oynayır” (ƏLAVƏ OLUNUB)

Energetika Materials 18 May 2015 11:31 (UTC +04:00)
Artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır, Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində bildirib.
İlham Əliyev: “Azərbaycan Avropanın enerji təhlükəsizliyində artıq əhəmiyyətli rol oynayır” (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 18 may /Trend/

Azərbaycan Avropanın enerji təhlükəsizliyində artıq əhəmiyyətli rol oynayır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində bildirib.

Ölkə başçısı həmçinin qeyd edib ki, Azərbaycan regional səviyyədə çox müsbət rol oynayır: "Təşəbbüslərimiz regional əməkdaşlığın möhkəmləndirilməsinə yönəlib və enerji təhlükəsizliyi ilə əlaqəlidir".

Prezident bildirib ki, Azərbaycanın təşəbbüskarı olduğu layihələr region sərhədlərini aşır: "Bu ölkələri və qitələri birləşdirən layihələrdir".

Nəqliyyat infrastrukturundan danışan Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tarixi "İpək yolu"nu bərpa edir, Avropa və Asiya arasında yeni dəmiryol əlaqəsi yaradır.

Prezident qeyd edib ki, Azərbaycanın iqtisadi və sosial inkişafla bağlı olan bütün layihələri ölkələr və xalqlar arasında qarşılıqlı əməkdaşlığı və qarşılıqlı anlayışı möhkəmləndirir.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan çoxlu iqtisadi və siyasi islahatlara investisiya yatırıb: "Müstəqillik əldə etdiyimiz zaman dövlət qurumalı, siyasi sistemi dəyişdirməli idik və deməli, siyasi və iqtisadi islahatlar paralel aparılmalı idi".

Daha sonra ölkə rəhbəri əlavə edib: "Başa düşdük ki, Azərbaycanın dayanıqlı inkişafını təmin etmək üçün enerji resursları kifayət qədər deyil".

Prezident İlham Əliyev həmçinin bildirib ki, Azərbaycan təbii resurslara və ölkənin potensialına əsaslanan düzgün iqtisadi siyasət yürüdür: "Bu bizə müstəqilliyimizin ilk illərində planlaşdırdığımız işləri görməyə imkan verdi. Və bu iqtisadi müstəqillikdir".

Ölkə başçısı qeyd edib ki, Azərbaycanın xarici borcu çox aşağı səviyyədədir - ÜDM-nin cəmi təqribən 10 faizidir. Bu da onu göstərir ki, ölkə donorlardan, sponsorlardan və beynəlxalq maliyyə institutlarının maliyyə dəstəyindən asılı deyil: "Biz Azərbaycanın enerji təhlükəsizliyini tam təmin etmişik və indi başqalarının enerji təhlükəsizliyini təmin edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti