...

SOCAR Bakı NEZ-in modernləşdirilməsi çərçivəsində müqavilə imzaladı

Energetika Materials 22 Oktyabr 2015 18:01 (UTC +04:00)
Bu gün SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və Avstriyanın “Poerner” şirkəti arasında bitum qurğusu üzrə müqavilələrin imzalanma mərasimi keçirilib.
SOCAR Bakı NEZ-in modernləşdirilməsi çərçivəsində müqavilə imzaladı

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir Maksim Tsurkov/

Bu gün SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və Avstriyanın "Poerner" şirkəti arasında bitum qurğusu üzrə müqavilələrin imzalanma mərasimi keçirilib.

Trend-in SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, mərasimdə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri, "Poerner" şirkətinin baş direktoru Andreas Poerner, satış üzrə direktoru Volfqanq Heqer iştirak ediblər.

Tədbirdə R.Abdullayev çıxış edərək bildirib ki, Heydər Əliyev adına NEZ-in rekonstruksiya və modernizasiyası ilə bağlı işlər çərçivəsində qısa müddət ərzində zavodun illik emal gücünün artırılması və zavodda Avro-5 standartlarına cavab verən daha yüksək keyfiyyətli neft emalı məhsullarının istehsalı nəzərdə tutulur. Bu məqsədlə zavodun ilkin emal, katalitik krekinq və katalitik reforminq qurğularının və ümumi-zavod təsərrüfatının rekonstruksiya edilməsi və bir neçə yeni qurğunun inşası planlaşdırılır. Rekonstruksiya tədbirləri çərçivəsində zavodda ilkin olaraq 2018-ci ilin ortalarında yeni bitum istehsalı qurğusu istismara veriləcək.

Bu tədbir keçmiş "Azərneftyağ" NEZ-in mövcud infrastrukturunun tamamilə istismardan çıxarılmasına, H.Əliyev adına NEZ-in istismar xərclərinin optimallaşdırılmasına imkan verəcək, yüksək keyfiyyətli bitum istehsalına və Bakı şəhərində ekoloji durumun yaxşılaşdırılmasına kömək edəcək.

"Poerner" şirkətinin baş direktoru A.Poerner SOCAR ilə əməkdaşlıq əlaqələrinin inkişafı üçün növbəti imkanın yaranmasından məmnun olduqlarını bildirib, yeni bitum qurğusunun inşası məqsədilə bu sahədə qabaqcıl təcrübəyə malik "Poerner" şirkətinin seçilməsindən qürur duyduqlarını qeyd edib.

Sonra SOCAR və "Poerner" şirkətləri arasında bitum qurğusu üzrə müqavilə imzalanıb. Sənədi SOCAR tərəfdən H.Əliyev adına NEZ-in direktoru Elman İsmayılov, qarşı tərəfdən isə "Poerner" şirkətinin baş direktoru A.Poerner imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti