...

Səfir: Azərbaycan şirkətlərinin İsraildə qaz kəşfiyyatı üçün böyük potensialı var (Müsahibə)

Energetika Materials 11 Mart 2020 10:17 (UTC +04:00)
Trend-in İsrailin Azərbaycandakı səfiri Corc Diklə özəl müsahibəsi
Səfir: Azərbaycan şirkətlərinin İsraildə qaz kəşfiyyatı üçün böyük potensialı var (Müsahibə)

Bakı. Ləman Zeynalova - Trend:

"Bu, mənim Azərbaycan KİV-lərinə ilk müsahibəmdir. Mən gözəl qəbula və özümün və ailəmin evdəki kimi hiss etdiyimə görə Azərbaycan hökumətinə və xalqına təşəkkürümü bildirirəm".

Trend İsrailin Azərbaycandakı səfiri Corc Diklə özəl müsahibəsini təqdim edir:

Azərbaycan və İsrail arasındakı ikitərəfli münasibətlərin icmalı

Səfir qeyd edib ki, İsraillə Azərbaycan arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir və durmadan inkişaf edir:

"Biz müxtəlif sahələrdə əməkdaşlıq edirik və hazırda iqtisadi münasibətlərin inkişafına çalışırıq. İqtisadi əlaqələrin inkişafının əsas göstəricilərindən biri turizm sənayesidir. 2016-cı ildə İsraildən Azərbaycana 10 min turist gəlmişdisə, 2019-cu ildə bu rəqəm 65 minə çatıb. Bu, ölkələr və xalqlar arasında münasibətlərin möhkəmlənməsinin göstəricilərindən biridir. İnsanlar arasında əlaqələr daha da möhkəmləndikcə, biz bunun işgüzar münasibətlərə, ölkələr arasındakı iqtisadi əlaqələrə təsirini görürük. Hazırda İsrail şirkətləri rabitə, kənd təsərrüfatı, su ehtiyatlarının idarə olunması, texnologiya sahələrində azərbaycanlı tərəfdaşları ilə, Azərbaycan hökuməti ilə, özəl şirkətlərlə işləyir. Mənim burada fəaliyyətim müddətində bu sahələrdə əməkdaşlığın möhkəmlənəcəyinə ümid edirik. Hesab edirəm ki, İsraillə Azərbaycan arasında ticarət dövriyyəsinin hazırkı səviyyəsi kifayət qədər yüksək deyil. Ümid edirəm ki, bu göstərici artmaqda davam edəcək".

Enerji əməkdaşlığı

Diplomat qeyd edib ki, Azərbaycanla İsrail arasında enerji əməkdaşlığının üç əsas istiqaməti mövcuddur:

"Bunlardan biri neft sahəsində əməkdaşlıqdır. Azərbaycan nefti İsraildə neft tələbatının təxminən 30 faizini təmin edir. Ona görə də bu, əməkdaşlığımızın çox vacib elementidir".

C.Dik bildirib ki, əməkdaşlığın ikinci sahəsi qaz kəşfiyyatıdır:

"Azərbaycan quruda və dənizdə neft-qaz hasilatı və kəşfiyyatı üzrə çoxillik təcrübəyə malikdir. Biz İsraildə təxminən 10 il əvvəl Aralıq dənizində iri qaz ehtiyatları tapmışıq. Biz qaz hasil edirik və onu Avropaya nəql etməyə çalışırıq. Fikrimcə, bu baxımdan İsrail və Azərbaycan Avropa üçün qaz mənbələrinin şaxələndirilməsi strategiyasının iştirakçılarıdır. Hesab edirəm ki, Azərbaycan şirkətlərinin İsraildə qaz kəşfiyyatı ilə məşğul olmaları üçün böyük potensialı və təcrübəsi var".

Onun sözlərinə görə, əməkdaşlığın üçüncü istiqaməti alternativ enerjidir:

"Azərbaycan alternativ enerji sahəsini inkişaf etdirməyə çalışır. Ölkə tenderlər keçirir və külək və günəş enerjisi sahələrini inkişaf etdirir. İsrail günəş enerjisi sahəsində çox inkişaf edib. Biz əksər ölkələrdən çox əvvəl bu sahəni inkişaf etdirməyə başlamışıq. Hələ 60-cı illərdə İsraildə evlərin damında günəş panelləri quraşdırılırdı. Son illərdə Azərbaycan alternativ enerji dünyasına qədəm qoyub və bu sahədə irəli gedib. Günəş enerjisi ölkələrimiz arasında daha çox əməkdaşlıq görmək istədiyim sahədir".

Səfir, həmçinin "Cənub Qaz Dəhlizi"nin əhəmiyyətini yüksək qiymətləndirib:

"Biz "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılmasını alqışlayırıq və inanırıq ki, bu layihə Avropaya qaz tədarükünü artırmağa və şaxələndirməyə kömək edəcək. Həm "Cənub Qaz Dəhlizi", həm də İsrailin "EastMed" layihəsi eyni istiqamətdə hərəkət edir. Amma fikirləşmirəm ki, bu layihələr arasında rəqabət olacaq, çünki Avropa bazarı kifayət qədər böyükdür və Avropa tədarük mənbələrini şaxələndirməyə çalışır. Hesab edirəm ki, bu layihələr bir-birini tamamlayır".

Potensial əməkdaşlıq sahələri

Səfirin sözlərinə görə, İsrail və Azərbaycanın çox iş görə biləcəyi sahələrdən biri də kənd təsərrüfatıdır:

"İsrailin inanılmaz kənd təsərrüfatı tarixi var. Biz səhra ölkəsi kimi başlamışdıq, indi isə manqo, banan, avokado yetişdiririk. Bir sıra İsrail şirkətləri nümunəvi fermalar açıb. Bu fermalardan biri "Netafim" şirkəti tərəfindən Gəncədə yaradılıb. Bu nümunəvi ferma fermerlərin daha az su istifadə etməklə daha çox məhsul yetişdirmək sahəsində treninqləri üçün nəzərdə tutulub. Bu layihədə həm dövlət, həm də özəl sektor iştirak edir".

O əlavə edib ki, daha bir potensial əməkdaşlıq sahəsi su ehtiyatlarının idarə olunmasıdır:

"Bu gün Azərbaycan həm içməli su, həm də suvarma üçün Kür çayından və digər su mənbələrindən asılıdır. 2002-ci ildə İsraildə o dərəcədə su qıtlığı var idi ki, biz hətta idxal barədə düşünürdük. Bu gün isə nəinki kifayət qədər su ehtiyatımız var, həm də suyu ixrac edə bilərik. Biz bunu necə etdik? Bu gün İsraildə 5 su şirinləşdirmə qurğusu var. İsraildə içilən suyun 70 faizi dənizdən alınır. Bundan başqa, biz çirkab sularını təkrar emal edirik. Çirkab sularının 95 faizə yaxını emal olunur və kənd təsərrüfatında istehsal olunur. Bu, bizə su ehtiyatlarımızı dirçəltməyə və onların idarə olunmasında dünya liderinə çevrilməyə imkan verdi".

Səfir bildirib ki, potensial əməkdaşlığın yeni sahələri də var:

"Bunlardan biri kibertəhlükəsizlik sahəsidir. Bu gün İsrail kiçik əhali ilə kibertəhlükəsizlik sahəsində dünya liderlərindən birinə çevrilib. Kibertəhlükəsizlikdə beynəlxalq investisiyaların 20 faizi İsrailə daxil olur. Biz bu sahədə Azərbaycanın bank sektoru ilə, telekommunikasiya sahəsi ilə işləyə bilərik".

C.Dik deyib ki, əməkdaşlığın daha bir sahəsi texnologiya və innovasiyalardır:

"Hazırda İsrail startaplar ölkəsidir. İsrail şirkətləri bizneslərinin bir hissəsinin Azərbaycanda aça və birgə texnologiyalar hazırlaya bilər. Azərbaycan innovasiyalar sahəsinə çoxlu investisiya qoyur. Ölkədə İnnovasiyalar Agentliyi açılıb. Fikrimcə, İsrail bu sahədə təbii tərəfdaşdır. Əgər İsrail innovasiyalarını Azərbaycanın müxtəlif sahələrdə potensialı ilə birləşdirsək, çox şeyə nail ola bilərik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti