...

Britaniya hökuməti vergiləri artırmaq niyyətindədir

Maliyyə Materials 30 Avqust 2020 23:00 (UTC +04:00)

Bakı. Trend:

Böyük Britaniyanın Maliyyə Nazirliyi ən böyük vergi artımını tətbiq etmək üçün plan hazırlayır.

Trend-in Tass-a istinadən verdiyi məlumata görə, artımlar yeni növ koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan ümummilli karantin səbəbindən ortaya çıxan büdcə itkilərini ödəmək üçün planlaşdırılır.

"The Sunday Telegraph" qeyd edir ki, Maliyyə Nazirliyinin rəhbəri Rişi Sunak bu yolla büdcəyə hər il 25 milyard funt sterlinqə (33,3 milyard dollar) qədər vəsait toplamaq niyyətindədir.

Bildirilir ki, aktivlərin satışı üçün baza vergi dərəcəsini 10 faizdən 20, ikinci mənzilin və ya evin satış vergisini isə 18 faizdən 20 faizə qədər qaldırmağın mümkünlüyünü müzakirə edilir. Daha yüksək dərəcədə vergi ödəyən varlı vətəndaşlar üçün tutulan məbləğ 40 faizə qədər artırıla bilər (mövcud 20 və 28 faizdən). Baxılan təkliflərə pensiya müavinətlərinin həcminin azaldılması, elektron satışa vergi tətbiq edilməsi, yanacaq və digər ödənişlərin artırılması da daxildir.

"The Sunday Times" qəzeti isə Maliyyə Nazirliyinin korporativ mənfəət vergisini 19 faizdən 24 faizə qədər artırmaq niyyətindən bəhs edir ki, bu da gələn il büdcəyə əlavə olaraq 12 milyard funt sterlinq (16 milyard dollar) və 2023-2024-cü illərdə 17 milyard funt sterlinq (22.7 milyard dollar) cəlb edəcək. Hər iki nəşr bu cür planların pandemiya zamanı ciddi itki verən biznesin güclü müqavimətinə səbəb olduğunu və bir çox şirkətin müflis olmaq təhlükəsinə vardığını yazır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti