...

Bakıda “Yaşıl maliyyə və dayanıqlı inkişaf forumu” keçirilib (FOTO) (ƏLAVƏ EDİLİB)

Maliyyə Materials 18 Oktyabr 2024 12:55 (UTC +04:00)
Bakıda “Yaşıl maliyyə və dayanıqlı inkişaf forumu” keçirilib (FOTO) (ƏLAVƏ EDİLİB)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda “Yaşıl maliyyə və dayanıqlı inkişaf” mövzusunda forum keçirilib.

Trend xəbər verir ki, forumda Azərbaycan Respublikasının Mərkəzi Bankının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, BMT-nin Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyasının rəsmiləri iştirak ediblər.

Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə bildirib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) ilin sonuna qədər dayanıqlı maliyyələşdirmə planını və maliyyə qurumlarının çərçivə şərtlərini tətbiq etməyi planlaşdırır.

Onun sözlərinə görə, Mərkəzi Bank dayanıqlı maliyyələşdirmə siyasətini 4 əsas istiqamətə bölüb.

"Birinci istiqamət maliyyə sektorunun potensialının inkişafı ilə bağlıdır. Mərkəzi Bankda və maliyyə sektorunda lazım olan insan resursları olmadan dayanıqlı maliyyələşdirmə inkişafı barədə danışmaq mümkün deyil.

Bu məqsədlə cari ildən mütəxəssislərin ixtisasını artırmaq üçün bir sıra tədbirlər həyata keçirilir. İkinci istiqamət – tənzimləyici boşluqların aradan qaldırılmasıdır. Bu, yerli bazarın tələblərinə uyğun yeni qaydaların, qanunların və təlimatların hazırlanması və uyğunlaşdırılmasını nəzərdə tutur. Üçüncü istiqamət - taksonomiyanın yaradılmasıdır.

Digər ölkələrdə bu proses adətən 1-2 il çəkir, lakin Azərbaycan COP29 ilə əlaqədar işi sürətləndirərək bunu 6 ayda başa çatdırmağa çalışır. Hazırda layihə tamamlanma mərhələsindədir. Dördüncü istiqamət - şəffaflığın təmin olunmasıdır.

Maliyyə institutları artıq qismən ESG tələblərinə riayət etsələr də, əsas vəzifə ictimaiyyətin məlumatlılığını artırmaqdır. Bu kontekstdə Mərkəzi Bank ilk dayanıqlı maliyyələşdirmə planını təqdim edib və yerli maliyyə institutlarının da öz planlarını açıqlaması üçün çərçivə şərtlərini hazırlayır. Bu prosesin tamamlanması və tətbiqi ilin sonuna qədər planlaşdırılır", - o deyib.

Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev qeyd edib ki, maliyyə sektoru Azərbaycanın iqtisadi inkişafının əsas hərəkətverici qüvvəsi olacaq.

"Maliyə olmadan heç nəyə nail ola bilmərik. Bu il maliyyə resurslarının nə qədər əhəmiyyətli olduğunu aydın şəkildə gördük. Demək olar ki, bütün məsələlər maliyyələşmədən başlayır. Dünyada artıq bunu hər kəs başa düşür və maliyyə sektorundan çox şey gözləyirlər", - o bildirib.

Onun sözlərinə görə, gələcək iqtisadi artım və iqtisadiyyatımızın inkişaf edəcəyi istiqamət, əsasən, bank sektorundan asılı olacaq.

"Maliyyə sektoru bu işin əsas hərəkətverici qüvvəsinə çevriləcək. Banklardan və maliyyə institutlarından yaradıcılıq və müxtəlif təkliflər baxımından böyük gözləntilərimiz var. Bu alətlərin qarışıq formalarının inkişafı, onların bazara çıxarılması, biznes üçün yeni təkliflər və onların dövlət qurumlarına təqdim edilməsi bizim üçün böyük gündəlik yaradacaq", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti