Bakı. Trend:
“Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Hökumətlərarası Saziş”in imzalanması COP-a olan planlarımız sırasındadır.
Trend xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində bildirib.
Nazir bildirib ki, Azərbaycan başlanğıc nöqtəsi Mərkəzi Asiya olan yeni bir enerji dəhlizi təşəbbüsünün də vacib tərəfidir:
"Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında ötən ilin noyabrında və bu ilin mayında imzalanmış Birgə Kommunike və “yaşıl enerji dəhlizi”nin yaradılmasını nəzərdə tutan Əməkdaşlıq Memorandumu əsasında qısa müddətdə layihənin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) texniki tapşırığı təsdiq edildi və TİƏ-nin hazırlanmasına məsul şirkət kimi “CESI” seçildi. Qərargahı Bakıda olmaqla layihə üzrə Birgə Müəssisənin yaradılması qarşıda duran vəzifələrdəndir.
Mərkəzi Asiya üçün Enerji Keçidi üzrə İnvestisiya Forumu çərçivəsində “Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Hökumətlərarası Saziş”in imzalanması COP-a olan planlarımız sırasındadır. Praktiki cəhətdən “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizinin Mərkəzi Asiyaya qoşulması imkanı da müzakirə olunur.
Beləliklə, Avropada təchizatın təhlükəsizliyini gücləndirəcək, eyni zamanda “təmiz enerji”yə keçidi sürətləndirəcək “Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Türkiyə-Avropa” və “Azərbaycan-Mərkəzi Asiya-Avropa” yaşıl enerji dəhlizləri ümumavrasiya miqyaslı vahid “yaşıl enerji platforması” olmağa iddialıdır. Azərbaycanın liderlik etdiyi bu layihələrin unikallığı ondan ibarətdir ki, bu dəhlizlər bərpa olunan enerji sistemində istehsalla istehlak mərkəzlərini, regionları və qitələri əlaqələndirəcək, balanslaşmanı təmin edəcək.
Avropaya “yaşıl enerji”ni müxtəlif marşrutlarla Azərbaycan, Xəzər və Mərkəzi Asiya regionları kimi etibarlı enerji mənbələrindən gətirməklə strateji missiya yerinə yetirmiş olacaq. Bu gün interkonnektorların şəbəkə dayanıqlığının artırılmasında və regionlar arasında daha geniş bərpa olunan enerjinin inteqrasiyasının dəstəklənməsində mühüm rolu ilə bağlı qlobal səviyyədə olan çağırışları nəzərə aldıqda ölkəmizin proaktiv addımlar atdığı bir daha aydın görünür".