Bakı. Trend:
Hidrogenin inkişafı üzrə milli strategiya hazırlanır.
Trend xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində bildirib.
Nazirin sözlərinə görə, dünyada "xalis sıfır" enerji gələcəyinin mühüm elementi olan hidrogen Azərbaycanın "yaşıl inkişaf" və enerji təchizatçısı gündəliyinin də tərkib hissəsidir.
O qeyd edib ki, aşağıkarbonlu hidrogenin istehsalı və istifadəsi, həmçinin, "yaşıl dəhliz"lər vasitəsilə ixrac imkanlarının qiymətləndirilməsi və tərtib edilmiş ssenarilərə əsasən hədəf göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə hidrogenin inkişafı üzrə milli strategiya hazırlanır.
"Azərbaycan Milli Hidrogen Strategiyasının və onun Tətbiqi Planının Hazırlanması" sənədinin COP29-a qədər yekunlaşdırılması və "Enerji Günü"ndə təqdim olunması planlaşdırılır. Enerji keçidinin əsas sütunlarından olan enerji səmərəliliyi ilə bağlı ötən dövr mühüm irəliləyişlərlə yadda qaldı.
Bu sahədə yeni qanun və 14 alt qanunvericilik aktının qəbulundan sonra bu ilin martında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin stimullaşdırılmasında xüsusi rola malik "Enerji Effektivliyi Fondu" yaradıldı. Fond tərəfindən qrant və subsidiyaların ayrılması, pilot layihələrin tətbiqi və güzəştli kreditlərin verilməsi nəzərdə tutulur. Fondun vəsaitinin sərəncamçısı Enerji Məsələlərini Tənzimləmə Agentliyi qismində Azərbaycan Respublikasının Energetika Nazirliyidir.
Hazırda fond tərəfindən dəstəklənəcək layihələrə dair tələblər müəyyənləşdirilir. Həmçinin bu müddətdə dövlət və özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərində və qeyri-yaşayış binalarında enerji idarəçisinin təyin edilməsi, enerji auditinin keçirilməsi, enerjinin istehsalı və təchizatı sahələrində enerji səmərəliliyinin təmin edilməsi üzrə tədbirlər görülüb.
Özəl və ictimai binalar üçün milli renovasiya proqramının, enerji səmərəliliyinə dair bir sıra yeni qanunvericilik və normativ texniki aktların hazırlanması ilə bağlı proseslər isə davam etdirilir. Bundan başqa AYİB-in dəstəyi ilə həyata keçirilən "Azərbaycanın elektroenergetika sektorunda aşağı karbonlu həll yolları" texniki yardım layihəsi çərçivəsində hazırlanan "Ssenari Xülasə Sənədi"nin COP29 tədbirinə qədər təqdim edilməsi nəzərdə tutulur", - deyə P.Şahbazov əlavə edib.