Bakı. Trend:
Elanı COP-a planlaşdırılan digər bir sənəd "Elektromobillik üzrə Milli Plan"dır. Milli Planın iki əsas mərhələdə həyata keçirilməsi nəzərdə tutulur.
Trend xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində bildirib.
O qeyd edib ki, 2024-2027-ci illəri əhatə edən birinci mərhələ ölkədə elektromobillik üçün baza infrastrukturunun inkişafını və onun fəaliyyətini təmin edən normativ-hüquqi çərçivənin hazırlanmasını ehtiva edir.
"İkinci mərhələ isə 2027-ci ildən sonrakı dövrdə elektromobilliyin və enerjidoldurma infrastrukturu bazarının inkişafına dövlətin dəstəyi ilə özəl sektorun cəlbini əks etdirir. "Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi" haqqında dövlət başçısının müvafiq Sərəncamına əsasən Bakı və ətraf ərazilərdə 77, əsas magistrallarda 70, işğaldan azad olunmuş bölgələrdə 20-dən az olmayaraq enerjidoldurma məntəqələrinin quraşdırılması planlaşdırılır. Elektromobillikdən istifadənin genişləndirilməsi ilə əlaqədar olaraq "Energetika haqqında" və "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanunlara düzəlişlər hazırda razılaşdırılır.
Qanunvericilik bazasının təkmilləşdirilməsi, eyni zamanda energetika sektorunda islahatların davam etdirilməsi çərçivəsində Energetika Nazirliyi və nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən görülən işlər sırasında "Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında" və "İstilik təchizatı haqqında" qanun layihələri və xeyli sayda qaydaların, eləcə də "Elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı Tədbirlər Planı"nın icrası ilə əlaqədar Koordinasiya Şurasının yaradılmasını qeyd etmək olar.
"Elektrik enerjisinin istehsalçıları, eləcə də təchizatçıları arasında rəqabət mühitinin formalaşdırılması üçün hədəf modelinə uyğun bazar qaydaları" ilə yanaşı, elektrik enerjisi istehsalçılarının elektrik şəbəkələrinə çıxışının monitorinqini, elektrik enerjisindən istifadə, elektrik qurğularının quraşdırılması, istismarında təhlükəsizlik texnikası, texniki istismarı, şəbəkəyə qoşulma, elektrik şəbəkələri və digər istiqamətləri əhatə edən 10-dan çox qayda da hazırlanıb", - deyə P.Şahbazov əlavə edib.