Azərbaycan, Bakı, 25 noyabr/ Trend , müxbir S.Babayeva/ İlin sonunadək Azərbaycanın təxminən 200 məktəbi "2008 -2012 - ci illərdə Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində, vahid Data Center-ə qoşulacaq. Bu, ölkədəki məktəblərin cəmi 10 -15 faizidir, - Azərbaycanın Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəhbəri Samir Məmmədov çərşənbə axşamı bildirib.
"Bu məktəblərin yarısında artıq hazırlıq işləri başlayıb. Lakin qoşulma eyni vaxtda həyata keçiriləcək", - Məmmədov bildirib.
Onun sözlərinə görə, bu il mərkəzə Bakı, Sumqayıt, Gəncənin və sınaq qismində əlavə olaraq, Şəmkir, Hacıqabul və Goranboyun məktəbləri qoşulacaq.
2009 -cu ildə mərkəzə artıq ölkənin digər regionlarındakı 500 məktəb qoşulacaq. Dövlət Proqramına əsasən, 2012 - ci ilədək bütün tədris müəssisələrinin qoşulması prosesi başa çatdırılmalıdır.
Azərbaycan prezidenti İlham Əliyev iyunda "2008 -2012 - ci illərdə Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nı təsdiq edib. Proqramın məqsədi müasir informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi yolu ilə və keyfiyyətli təhsilin alınması imkanlarının təmin edilməsi üçün ölkədə vahid ümumilli tədris mühitinin yaradılmasıdır.
Dövlət Proqramının tədbirlər planına tədris müəssisələrinin maddi - texniki bazasının yaxşılaşdırılması, onların kompüter avadanlığı ilə təchizi, İnternet şəbəkələrinin və İnternetə çıxışın işlənilməsi, bütün fənlər üzə elektron elmi - metodiki dərsliklərin, elektron təhsil resursları bazasının (e-learning), İKT-nin təhsildə tətbiqi sahəsində informasiya və resurs mərkəzinin, vahid tədris portalının yaradılması, ölkədə məsafəli təhsilin inkişafı üzrə tədbirlər, təhsil sistemi menecmentinin informasiyalaşdırılması, kadr potensialının gücləndirilməsi və normativ - hüquqi bazanın təkmilləşdirilməsi daxildir.
Dövlət Proqramının əlaqələndirici orqanı Təhsil Nazirliyi təyin olunub.
Bu gün ölkənin 4562 ümumtəhsil məktəbinin 82 faizi, 107 texnikumun 42 faizi, 56 dövlət orta - ixtisaslaşdırılmış məktəblərin 91 faizi və bütün ali təhsil müəssisələri (ATM) kompüterlərlə təmin edilib. 2007- ci ilin sonuna olan məlumatlara əsasən, ölkənin ümumtəhsil məktəblərinin 5 -11 sinifləri arasında hər 29 şagirdə, dövlət ATM - də hər 28 tələbəyə 1 kompüter düşür.