Azərbaycan, Bakı, 23 iyun /Trend/
18 iyun 2011-ci il tarixdə Azerfon-Vodafone-un dəstəyi ilə Azərbaycan Təhsil Nazirliyində "Elektron Təhsil" Respublika müsabiqəsinin yekunlarına dair tədbir keçirildi. Mərasimdə Azərbaycanın təhsil sahəsində keçirilən ən genişmiqyaslı müsabiqənin qalibləri elan edildi. Ümumiyyətlə, müsabiqədə 601 layihə iştirak edib. Bunların arasından yalnız 98 nominant seçilib.
"2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən bu müsabiqə Azerfon-Vodafone və bir sıra mötəbər şirkətlər tərəfindən dəstəklənir. Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından və internet texnologiyalarından tədris prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq, o cümlədən tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.
Azerfon-Vodafone ölkənin ən innovativ operatoru olaraq Azəerbaycanda təhsilin inkişafı üçün müasir texnologiyaların tətbiqini təşviq edir. Azerfon-Vodafone-un 3G texnologiyasına əsaslanan bir sıra məhsul və xidmətləri artıq təhsil prosesində tətbiq edilir. Belə ki, valideynlər 3G kameraları vasitəsilə Bakı şəhəri 47 saylı orta məktəbdə ibtidai sinif şagirdlərinin davamiyyəti və dərs prosesində iştirakını canlı olaraq müşahidə edə bilərlər.